Prezidentin Özbəkistana səfir təyin etdiyi şəxs kimdir? – DOSYEbackend

Prezidentin Özbəkistana səfir təyin etdiyi şəxs kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

KONKRET.az onun dosyesini təqdim edir:

Rəşad Məmmədov 31 oktyabr 1973-cü ildə Gəncə şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1995-ci ildə ali təhsilini başa vurub. Daha sonra peşəkar hazırlığını davam etdirərək 2004-cü ildə G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasında magistr təhsili alıb. 2020-ci ildə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində doktoranturanı bitirərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Əmək fəaliyyətinə 1990-cı ildə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb.

1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. Goranboy ərazi batalyonunda və Murov istiqamətində yerləşən hərbi hissədə döyüş yolu keçərək müharibə veteranı adını qazanıb.

Müharibədən sonra fəaliyyətini hüquq-mühafizə orqanlarında davam etdirib. 1995–1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda mühafizə bölməsinin rəisi, 1996–2000-ci illərdə isə Bakı Hərbi Prokurorunun köməkçisi olub.

2000-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinə keçərək MDB İdarəsində attaşe kimi diplomatik fəaliyyətə başlayıb.

2001–2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində üçüncü və ikinci katib vəzifələrində çalışıb.

2006–2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində Konsulluq hüququ məsələləri şöbəsinin müdiri olub.

2008-ci ildə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğuna göndərilib və əvvəlcə baş konsul vəzifəsini icra edib. 2010-cu ildə Prezident sərəncamı ilə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb, elə həmin ildən 2015-ci ilədək Aktauda baş konsul kimi fəaliyyət göstərib.

2015-ci ildə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Altı il davam edən fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında mühüm rol oynayıb. 2017-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub və 2026-cı ilədək bu vəzifədə çalışıb.

O, diplomatik fəaliyyəti ərzində həm Azərbaycanda, həm də xarici ölkələrdə bir sıra yüksək dövlət mükafatlarına layiq görülüb. 2019-cu ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən II dərəcəli “Dostluq” ordeninə, həmçinin Qazaxıstan və TÜRKSOY-un müxtəlif medal və fəxri mükafatlarına layiq görülüb.

İngilis və rus dillərini sərbəst bilir. Evlidir, üç övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*