Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
KONKRET.az xəbər verir ki, əvvəlcə Qazaxıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Kasım-Jomart Tokayevin bəyanatı
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli xanımlar və cənablar.
Əvvəlcə hörmətli Prezident İlham Heydər oğlu Əliyevə dövlət səfəri dəvətimi qəbul etdiyinə və Qazaxıstana gəldiyinə görə səmimi minnətdarlığımı bildirirəm.
Mən bu səfərə xüsusi əhəmiyyət verirəm. Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir.
Ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Əminəm ki, bu səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək.
Əminəm ki, bu gün əldə olunan razılaşmalar ölkələrimiz arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Hörmətli xanımlar və cənablar, Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm. İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir.
Qazaxıstanda qardaş Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinirlər. Sizin dövlət səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20-ci ildönümündə keçirilməsi rəmzi xarakter daşıyır. Bu illər ərzində dövlətlərimiz ikitərəfli əməkdaşlıqda böyük uğurlar əldə ediblər. Xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq və hökumətlərin işi sayəsində çoxplanlı Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir, yeni məzmunla zənginləşir. Bugünkü danışıqların nəticələri bunun əyani sübutudur.
Biz qarşılıqlı etimad və hörmət ab-havasında ikitərəfli gündəliyin məsələlərinin geniş dairəsini müzakirə etdik, gələcək çoxtərəfli qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyənləşdirdik. Ali Dövlətlərarası Şuranın iclası məhsuldar keçdi, onun yekunlarına dair bir sıra mühüm sənədlər imzalandı.
Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks proqram plana uyğun icra edilir. Danışıqların gedişində iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi, razılığa gəldik ki, ən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraq və onu 1 milyard dollara çatdıraq. Kənd təsərrüfatı, energetika, emal sənayesi, inşaat sektoru, rəqəmsallaşma sahələrində böyük imkanlar mövcuddur.
Hər iki tərəf müştərək müəssisələrin yaradılmasına marağı ifadə etdi və bu məsələdə əhəmiyyətli irəliləyişlər var. Məsələn, transformatorların birgə istehsalını təşkil etmək planlaşdırılıb. Mənzil və infrastruktur obyektlərinin tikintisi aparılır, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır. Hökumətlərə bu istiqamətləri nəzarətdə saxlamaq və ən qısa müddətdə, indi deyildiyi kimi, sənaye əməkdaşlığının inkişafı üzrə plan və ya yol xəritəsi qəbul etmək tapşırılıb. Perspektivli, qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyətinin aktivləşdirilməsi qərara alınıb. İki ölkənin işgüzar dairələri arasında təmasların gələcəkdə də genişləndirilməsinin zəruriliyi qeyd olunub. Bununla bağlı səfər çərçivəsində keçirilən Qazaxıstan-Azərbaycan biznes-forumu böyük əhəmiyyətə malikdir. Danışıqlar zamanı infrastruktur layihələrinin xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.
Bundan başqa, limanlarımızın terminal gücünün inkişafının əhəmiyyəti qeyd olunub. Qazaxıstan Aktauda konteyner habı inşa edir. Ələt limanında yük terminalının xarici, o cümlədən çinli tərəfdaşların iştirakı ilə tikilməsi yaxşı perspektivlər açır. Danışıqlar zamanı yüklərin ixracı üçün yeni Trans-Xəzər bərə sisteminin yaradılması imkanı da müzakirə edilib.
Ölkələrimizin böyük potensiala malik olduğu energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli üzrə birgə işimizi məmnunluqla qeyd edirəm. Keçən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil edib. Yaxın vaxtlarda bu həcmi artırmaq, həm də xeyli artırmaq nəzərdə tutulur.
Milli enerji sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin su altında elektrik kabelinin çəkilməsidir, bu, yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək. Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü çərçivəsində böyük iş aparılır. Bununla bağlı Azərbaycanın hörmətli Prezidentinə bütün əsas təşəbbüs və layihələri dəstəklədiyinə görə minnətdarlığımı bildirmək istəyirəm.
Süni intellektin sürətli inkişafını nəzərə alaraq, IT sektorunda geniş imkanlar açılır. Qazaxıstan dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, IT texnologiyalarının inkişafında təcrübə qazanıb və biz bu sahədə müştərək layihələrin həyata keçirilməsinə hazırıq. Danışıqların gedişində Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə layihələrin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub. Hökumətlərə onun hazır olmasını qısa müddətdə təmin etmək tapşırılıb.
Mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Son illərin əlamətdar hadisələri Qazaxıstanın Azərbaycanda mədəniyyət və kino günlərinin keçirilməsi, onların ölkələrimizdə qarşılıqlı təşkilidir. Bu istiqamətdə işlərin sistemləşdirilməsi üçün mədəni əməkdaşlıq proqramının qəbul edilməsi barədə razılığa gəldik. Təhsilin və elmin, gənclərin təmaslarının inkişafı sahəsində geniş potensiala malik perspektivlər ayrıca müzakirə olundu. Bu məqsədlə Bakıda keçən ildən Qazaxıstan-Azərbaycan Elm və Təhsil Mərkəzi fəaliyyət göstərir.
Regional və qlobal gündəliyə dair aktual məsələlər üzrə fikir mübadiləsi aparıldı. Biz beynəlxalq siyasət üzrə bütün aktual məsələlərdə mövqelərin eyniliyini bəyan edirik. Çoxtərəfli strukturlar çərçivəsində işlərin əlaqələndirilməsinin vacibliyi vurğulandı. Regional və qlobal səviyyələrdə sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə qarşılıqlı səylər ifadə olundu.
Məlum olduğu kimi, Prezident İlham Heydər oğlu Əliyev Prezident Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirib. Qazaxıstan da bu mühüm hadisəni rəsmi olaraq alqışlayıb. Əminəm ki, əldə olunan razılaşmalar Cənubi Qafqazda ab-havanı möhkəmləndirəcək, ümumi tərəqqi üçün yeni imkanlar açacaq.
Ümumilikdə səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq, müttəfiqlik ruhunda qardaş xalqlarımızın rifahı naminə gələcək inkişafına qarşılıqlı surətdə hazır olduğumuzu əyani şəkildə nümayiş etdirir.
Diqqətinizə görə təşəkkür edirəm.