Psixoloqdan bayramla bağlı VACİB AÇIQLAMA: Bu hal ağır xəstəliyə yol açırbackend

Psixoloqdan bayramla bağlı VACİB AÇIQLAMA: Bu hal ağır xəstəliyə yol açır

Əvvəllər insanlar daha çox üz-üzə görüşür, qohum və dostlarla sıx təmas qururdular. Müasir texnologiya və sosial media isə bu ünsiyyətin yerini virtual əlaqələrlə əvəz edib. Bu da bayramların əvvəlki səmimiyyətini azaldıb. Son illər bayramlar əvvəlki kimi keçmir. Əvvəl bayram olanda hər kəs sevinir, bayramın gəlişi o ərəfələrdə insanların simalarında hiss olunurdu. Ancaq indi çoxları aqresiv və üzgündür. Yəni insanlara baxanda ancaq bu duyğuları müşahidə etmək olur.

Bəs belə hal onların sağlamlığına, psixoloji vəziyyətinə necə təsir edir? Həmin durumdan çıxış yolu varmı?

KONKRET.az xəbər verir ki, psixoloq Vüsalə Rüstəm problemin səbəblərini “Yeni Sabah”a belə izah edib:

“İndi insanlarımızın üz cizgilərində bir kədər və iztirab var. Heç kim üçün bayram maraq kəsb etmir. Bunun da öz səbəbləri var. Yaxın keçmişdə insanların qohumluq və dostluq münasibətləri daha gözəl idi. İndi hər kəs təklənib, sosial problemlər, iş yerindəki gərginlik, şəhərdəki sıxlıq, ünsiyyət zamanı qeyri -səmimi insanlar demək olar ki, hər kəsi emosional olaraq yükləyir. Sabaha ümid qalmır, robotlaşmış kütlə proqramlaşaraq sürətlə  küçələrdə iş  dalınca qaçmağa başlayır. Ruhsal ac qalan insanlar kədərli və əsəbi olur. Fiziki olaraq insan hər gün qidalanır, ruhumuzu qidalandıran isə sevgi, qayğı, hörmət hissləri yoxa çıxıb. İnsani duyğular, dəyər yox olan hər bir mühitdə ümidi ölmüş, üzü solmuş insanlar görmək olar”.

V.Rüstəm qeyd edib ki, illər insanlarda bu duyğuları dəyişdirmir, yaşadığımız mühit dəyişdirir:

“İnsan tək yeməyini, qayğılarını düşünəndə canlı ölüdən heç bir fərqi olmur. Bizi insan edən şüurumuz, şəxsi keyfiyyətlərimiz-doğruluq, düzgünlük, ədalətli olmaq, mərhəmət duyğusudur, sevgi hissləridir ki, artıq bunlar yox dərəcəsindədir. Hissləri ölmüş insana bayram və özəl günlər mənasız gəlir. Çünki özü sevinmir deyə başqasının da sevinməyini istəmir. Sevinmək hissini itirən insan emosional yüklü, aqressiv bir insandır. Bu hal sağlamlığa təsir edir, ən ağır xəstəliklərin yaranmasına səbəb olur. Hansı cəmiyyətdə ki, insani duyğular olmur, orada yaşamaq çox ağır və təhlükəlidir. Bayram paylaşmaq və birgəlikdir. Sevgisiz insan təkliyə çəkilir, beləliklə onun bayram vecinə olmur”.

Psixoloq sözügedən vəziyyətdən qurtulmağın yollarından da söz açıb:

“Çıxış yolu maariflənmə ilə mümkündür. Aqressiya yuxusuna gedən insanları oyadıb bu dünyada bir qonaq olduqlarını söyləmək lazımdır. Bu qədər pis və əsəbi olmaq dünyamızın son halında da özünü göstərir. Xilas yolu sevgi, mərhəmət, müharibəsiz və qansız dünyadır. Bunu bütün insanlar anlamasa hər kəs məhvə sürüklənəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*