Gender, ailə və demoqrafiya məsələləri cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdəndir. Bu mövzuların yalnız qadın və kişi münasibətləri, ənənəvi ailə modeli və ya doğum statistikası çərçivəsində müzakirəsi problemin mahiyyətini tam əks etdirmir. İnsanların psixoloji rifahı, sosial təminatı, gələcəyə inamı və ailədaxili münasibətlərin keyfiyyəti də bu proseslərdə mühüm rol oynayır.
Bəs gender bərabərliyi, sağlam ailə münasibətləri və demoqrafik inkişaf arasında hansı əlaqə var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, gender, ailə və demoqrafiya məsələlərinin bir-biri ilə sıx bağlıdır.

Onun sözlərinə görə, gender anlayışı cəmiyyətdə çox vaxt qadın və kişi arasında hüquq və status bölgüsü, yaxud ənənəvi həyat tərzi ilə müasir yanaşmaların qarşıdurması kimi qəbul edilir. Halbuki bu münasibətlərin daha dərin psixoloji və sosial mahiyyəti var.
“İnsan dünyaya yalnız qadın və ya kişi kimi gəlmir, eyni zamanda ailənin, mədəniyyətin və cəmiyyətin ona ötürdüyü gözləntilər içində böyüyür. Uşaqlıqdan eşidilən “qız belə olmalıdır”, “oğlan ağlamaz”, “kişi güclü olmalıdır”, “qadın hər şeyə dözməlidir” kimi ifadələr insanın özünü qavramasına, hisslərini ifadə etməsinə və münasibətlərdə qəbul etdiyi rollara təsir göstərir.
Oğlan uşaqlarına daim güclü olmaq öyrədilsə də, onların qorxmağa, kədərlənməyə və kömək istəməyə də haqqı olduğu bəzən unudulur. Qız uşaqları isə çox vaxt cəmiyyətin və mentalitetin müəyyənləşdirdiyi rollara uyğun davranmağa təşviq edilirlər. Nəticədə insanlar öz hisslərini tanımaq əvəzinə, ətrafdakıların gözləntilərinə uyğunlaşmağa çalışırlar”.
Dilruba Həsənova hesab edir ki, sağlam gender münasibətlərinin əsasında qadının və kişinin bir-birinə üstünlük göstərməsi deyil, qarşılıqlı hörmət və insan ləyaqətinin tanınması dayanmalıdır. Bərabərlik hamının eyni olması deyil, fərqliliklərin insanın dəyərini azaltmadığını qəbul etməkdir.
Psixoloq ailənin mahiyyətinin nikah, valideynlik və məişət məsuliyyətləri ilə məhdudlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, ailə insanın emosional dünyasının formalaşdığı, sevgi, etibar, məsuliyyət və ünsiyyət haqqında ilk təcrübələrini qazandığı mühitdir.
“İnsan evə qayıdanda yalnız fiziki olaraq bir məkana qayıtmamalıdır. O, həm də mühakimə olunmadan danışa biləcəyi, zəif tərəflərini gizlətməyə məcbur qalmayacağı, səhv etdikdə alçaldılmayacağı bir münasibətə qayıtmalıdır”, – deyə psixoloq bildirib.
Onun fikrincə, bəzən insanlar ailəni qorumaq naminə hisslərini susdurur, problemləri gizlədir və münasibətlərin zahiri görünüşünü saxlamağa çalışırlar. Lakin ailənin mövcudluğunu qorumaqla münasibətlərin sağlamlığını qorumaq eyni şey deyil.
Mütəxəssis vurğulayıb ki, ailədə fikir ayrılıqlarının olması təbiidir. Əsas məsələ mübahisənin baş verməsi deyil, tərəflərin bu zaman bir-birinə necə davranmasıdır. Təhqir, alçaltma, qorxu yaratmaq və həddindən artıq nəzarət münasibətlərin sağlamlığına zərər vurur. Qarşılıqlı dinləmə, məsuliyyət daşımaq, şəxsi sərhədlərə hörmət və səhvləri qəbul etmək isə ailə bağlarının möhkəmlənməsinə kömək edir.
Psixoloq əlavə edib ki, uşaqlar ailədə yalnız onlara deyilənləri deyil, böyüklərin bir-birinə münasibətini də müşahidə edərək öyrənirlər. Onların sevgi, hörmət, münaqişə və güc münasibətləri haqqında təsəvvürləri gündəlik təcrübələr əsasında formalaşır. Buna görə də uşağa yaxşı insan olmağı öyrətmək istəyən valideynlər ilk növbədə öz davranışlarına diqqət yetirməlidirlər.
Demoqrafik məsələlərə toxunan Dilruba Həsənova bildirib ki, doğum səviyyəsinin azalması, nikah yaşının yüksəlməsi, boşanmalar və ailə qurmaq qərarının təxirə salınması yalnız statistik göstəricilər kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, bu proseslərə iqtisadi vəziyyət, mənzil problemi, təhsil, səhiyyə və sosial təminatla yanaşı, psixoloji amillər də təsir göstərir.
Psixoloq qeyd edib ki, insan gələcəyi qeyri-müəyyən gördükdə, özünü iqtisadi və emosional baxımdan təhlükəsiz hiss etmədikdə ailə qurmaq və övlad sahibi olmaq kimi böyük məsuliyyətlər qarşısında tərəddüd edə bilər. Bu tərəddüdü yalnız şəxsi seçim, məsuliyyətsizlik və ya ənənələrdən uzaqlaşma kimi qiymətləndirmək düzgün deyil.
Mütəxəssis hesab edir ki, ailə qurmaq və övlad sahibi olmaq hər bir insanın fərdi qərarıdır. Demoqrafik göstəricilərin yaxşılaşdırılması məqsədi insanların şəxsi həyatına təzyiq göstərilməsinə səbəb olmamalıdır.
“İnsanların ailə qurmaq və valideyn olmaq imkanlarını genişləndirmək ilə onları buna məcbur etmək arasında ciddi fərq var”, – deyə o, vurğulayıb.
Psixoloqun fikrincə, cəmiyyətdə yalnız insanların niyə daha az uşaq sahibi olması deyil, onların gələcəyə nə qədər güvənməsi, gənclərin ailə qurarkən özlərini nə dərəcədə dəstəklənmiş hiss etməsi və valideyn olmaq istəyənlər üçün hansı sosial-psixoloji şəraitin mövcudluğu da müzakirə edilməlidir.
O, bildirib ki, övlad sahibi olmaq qərarı təkcə bioloji deyil, həm də sosial, iqtisadi və şəxsi seçimdir. İnsan valideyn olmağı arzulasa da, bu məsuliyyəti daşımağa hazır olmadığını düşünə bilər. Bu reallığın nəzərə alınması demoqrafik məsələlərə daha insani və elmi yanaşmağa imkan verir.
Dilruba Həsənova hesab edir ki, gender münasibətləri ailədaxili rollara, ailədə qazanılan təcrübələr gələcək münasibətlərə, sosial və iqtisadi şərait isə ailə qurmaq və valideyn olmaq qərarlarına təsir göstərir.
Onun sözlərinə görə, ailədə məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulduqda münasibətlərdə gərginlik yarana bilər. Kişidən yalnız maddi təminatçı, qadından isə bütün emosional və məişət yükünü daşıyan şəxs olmaq gözlənildikdə hər iki tərəfin ehtiyacları diqqətdən kənarda qala bilər.
Psixoloq bildirib ki, ailədə vəzifə bölgüsü qarşılıqlı razılıq, tərəflərin imkanları və məsuliyyətləri əsasında qurulmalıdır. Burada məqsəd ənənələri bütövlükdə rədd etmək deyil, insanlara bağlılıq, həmrəylik və mənsubiyyət hissi verən dəyərləri qorumaqla yanaşı, insan hüquqlarını və psixoloji rifahı məhdudlaşdıran yanaşmaları yenidən nəzərdən keçirməkdir.
Psixoloq gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılmasında medianın rolunu da xüsusi vurğulayıb. Onun fikrincə, bu mövzular stereotiplər və qarşıdurmalar üzərindən təqdim edildikdə cəmiyyət problemlərin səbəblərini araşdırmaq əvəzinə, bir-birini ittiham etməyə başlayır.
Mütəxəssis hesab edir ki, qadını kişinin, ənənəni isə müasirliyin qarşısına qoymaq əvəzinə, problemlərin səbəbləri və mümkün həll yolları müzakirə olunmalıdır. Zərərli davranışları müəyyənləşdirməklə yanaşı, onların dəyişməsi üçün zəruri bilik, bacarıq və sosial dəstək imkanları da göstərilməlidir.
Dilruba Həsənovanın sözlərinə görə, cəmiyyətin sağlamlığı yalnız iqtisadi inkişaf və statistik göstəricilərlə ölçülmür. İnsanların özlərini nə qədər dəyərli hiss etməsi, münasibətlərində nə dərəcədə təhlükəsizlik yaşaması və problemlərini nə qədər sərbəst ifadə edə bilməsi də sosial rifahın mühüm göstəricilərindəndir.
Aynurə İsmayıl
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işşıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.

