Şəhərlərdə köhnə binaların sökülməsi və yerində yeni yaşayış komplekslərinin inşası prosesi sürətlə davam edir. Belə hallarda sakinləri ən çox maraqlandıran məsələlərdən biri də sökülən mənzilin əvəzində mütləq pul kompensasiyasının verilib-verilməməsidir.
Bəs qanunvericiliyə əsasən ev sahibinin razılığı ilə pul əvəzinə başqa yaşayış evi təqdim oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, kompensasiya anlayışı yalnız pul ödənişi ilə məhdudlaşmır.

“Kompensasiya mövcud mənzilin dəyərinin hər hansı formada təmin olunması deməkdir. Praktikada tikinti şirkətləri daha çox sökülən mənzilin əvəzində yeni binadan mənzil verməyi təklif edirlər. Adətən vətəndaşa əvvəlki mənzildən təxminən 15-20 faiz daha böyük sahə təklif olunur. Əgər vətəndaş bundan da geniş mənzil istəyərsə, əlavə sahəyə görə qiymət fərqini ödəməlidir.
Tikinti şirkətləri vəsaitə qənaət etmək üçün çox vaxt pul ödəmək əvəzinə yeni inşa olunacaq binadan mənzil təqdim edirlər. Bu, onların maliyyə baxımından daha sərfəli hesab etdiyi variantdır”.
Elnur Azadov vurğulayıb ki, yeni mənzil formasında kompensasiyanın müəyyən riskləri də var:
“Vətəndaş tikinti şirkətindən asılı vəziyyətə düşür. Binanın nə vaxt tikilib istifadəyə veriləcəyi əvvəlcədən dəqiq məlum olmaya bilər. Tikinti müddəti uzandıqca vətəndaş kirayədə qalmalı olur.
Bəzən kirayə haqlarının ödənilməsində gecikmələr yaşanır. Hətta tikinti şirkətinin maliyyə çətinliyi ilə üzləşməsi, müflis olması və ya iqtisadi böhran kimi amillər də layihənin vaxtında başa çatdırılmasına maneə törədə bilər. Buna görə də bəzi vətəndaşlar risk etməmək üçün pul kompensasiyasına üstünlük verirlər”.
Ekspertin sözlərinə görə, hansı kompensasiya formasının tətbiq olunması tərəflər arasında əldə edilən razılaşmadan asılıdır və vətəndaş müqaviləni imzalamazdan əvvəl bütün şərtləri diqqətlə nəzərdən keçirməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
