Vətəndaşların evlərində böyük məbləğdə nağd pul saxlaması maliyyə təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Xüsusilə bank hesablarından istifadə etməyən və ya yığımlarını əlçatan yerdə saxlamağa üstünlük verən şəxslər üçün oğurluq, yanğın və digər gözlənilməz hadisələr ciddi maddi itkilərlə nəticələnə bilər. Belə hallarda vətəndaşın illərlə topladığı vəsaiti geri qaytarması çətinləşir. Bu baxımdan, evdə saxlanılan pulun sığorta vasitəsilə qorunması məsələsi aktuallıq qazanır.
Bəs vətəndaş evində saxladığı böyük məbləğdə nağd pulu sığortalaya bilərmi? Sığorta şirkətləri Azərbaycan manatını, xarici valyutanı və digər qiymətli əşyaları sığorta təminatına daxil edirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, evdə saxlanılan nağd pulun sığortalanması mümkün deyil.

“Sığortalanması mümkün olmayan əşyalar sırasında nağd pullar, o cümlədən Azərbaycan manatı və xarici valyutalar yer alır. Bununla yanaşı, qızıl, gümüş, zinət əşyaları və digər qiymətli əşyalar da sığorta təminatına daxil edilmir”.
Beləliklə, evdə böyük məbləğdə nağd pul saxlayan vətəndaşlar həmin vəsaitin sığorta vasitəsilə qorunmasının mümkün olmadığını nəzərə almalıdırlar.
Aynurə İsmayıl
KONKRET.az
