Ukrayna böhranı NATO-nun Ukraynada anti-Rusiya zəmini yaratmaq məqsədi daşıyan aqressiv siyasəti nəticəsində baş verib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşündə deyib.
Müvafiq məlumat Kremlin rəsmi saytında dərc olunub.
“Vladimir Putin xatırladıb ki, mövcud böhran NATO-nun uzun illər davam edən təcavüzkar siyasətinin birbaşa nəticəsi olub. Bu siyasət Ukrayna ərazisində təhlükəsizlik sahəsində Rusiyanın maraqlarına məhəl qoymamaq və rusdilli sakinlərin hüquqlarını pozaraq anti-Rusiya zəmininin yaradılmasına yönəldilib” – məlumatda deyilib.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiya danışıqlardan heç vaxt imtina etməyib və Kiyev rejimi tərəfindən kəsilmiş danışıqların bərpasına hazırdır. Ölkənin təklifləri, o cümlədən iyun ayında Rusiya Xarici İşlər Nazirliyində etdiyi çıxışdan yaxşı məlumdur və açıqlanıb. Mümkün razılaşmalar Rusiya Federasiyasının təhlükəsizlik sahəsində maraqlarını nəzərə almalı, yeni ərazi reallıqlarından çıxış etməli və ən əsası, münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır.
Daha əvvəl bildirilmişdi ki, Vladimir Putin və Olaf Şolts telefon danışığı zamanı gələcəkdə də əlaqə saxlamaq barədə razılığa gəliblər.
KONKRET.az