Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçən Kuril adalarının cənub hissəsində yerləşən İturup adasına ilk dəfə səfər edib.
KONKRET.az xəbər verir ki, Putin Sakit Okean Donanmasının təlimləri ilə əlaqədar Saxalin vilayətinə gedib və səfəri çərçivəsində İturup adasına baş çəkib. Ada hazırda Rusiya Federasiyasının Saxalin vilayətinin tərkibindədir.
Putinin İturupa səfəri Yaponiyanın sərt reaksiyasına səbəb olub. Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında İturup da daxil olmaqla dörd şimal adasının Tokionun “əcdadlardan qalma əraziləri” olduğu bildirilib.
“Bu səfərlə əlaqədar qəti etirazımızı bildiririk”, — Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Kyodo agentliyinin yazdığına görə, əvvəllər Yaponiya diplomatik dairələrində Moskvanın hazırkı şəraitdə Cənubi Kuril adalarına səfərin təşkilinə vaxt və resurs sərf etməyəcəyi barədə fikir mövcud olub. Rusiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən prezidentliyi dövründə Dmitri Medvedev dəfələrlə bu adalara səfər edib.
Lakin Putin indiyədək Cənubi Kuril adalarına getməyib. Kyodo bunu Rusiya ilə Yaponiya arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar üçün imkanın tamamilə bağlanmaması ilə əlaqələndirib.
Agentlik hesab edir ki, Putinin hazırkı İturup səfəri Moskvanın Yaponiya ilə münasibətlərdə bu məsələyə əvvəlki həssas yanaşmadan artıq imtina etdiyini göstərir.
Natiq Səlim,
KONKRET.az
