“Rusiya Ukrayna ilə müharibədə uzunmüddətli sülh sazişi imzalamağa çalışır. Moskvanın əsas məqsədi hazırda nəzarət etdiyi əraziləri geri qaytarmadan atəşkəsə və sonradan rəsmiləşdiriləcək nizamlama prosesinə nail olmaqdır”.
Bu fikirləri Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında səsləndirib:
“Rusiya tərəfi Krım yarımadası ilə yanaşı, işğal etdiyi dörd Ukrayna vilayətini də geri qaytarmayacağını açıqlayır. Bundan əlavə, Rusiyanın əsas tələblərindən biri də həmin bölgələrdə qalan Ukrayna hərbi birləşmələrinin çıxarılması və Ukraynada rus dilinin rəsmi status almasıdır”.
Politoloq qeyd edib ki, Rusiya atəşkəs şərtlərinin beynəlxalq səviyyədə tanınmasını istəyir. Bu şərtlər vasitəsilə gələcəkdə Ukraynanın və ya Qərbin revanşist addımlarının qarşısını almağa çalışır.
“Rusiya bu yolla Şərqi Avropada hərbi və siyasi status-kvonu qorumaq və Avropa üçün daimi təhlükə elementi yaratmaq niyyətindədir. Ukrayna isə Rusiyanın bu yanaşmasını qətiyyətlə rədd edir. Kiyev bildirir ki, sülhə yalnız öz yol xəritəsinə uyğun şəkildə və Ukraynanın ərazi bütövlüyü nəzərə alınmaqla nail olunmalıdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az