Qar Bakını cənginə aldı – Buna görə dayanmadan yağırbackend

Qar Bakını cənginə aldı - Buna görə dayanmadan yağır

Bakıda son illərin ən uzun müddətli qar yağışı müşahidə olunur. Artıq bir neçə gündür ki, paytaxtda həm soyuq hava, həm də aramsız yağıntı davam edir. Bakı kimi qışı mülayim keçən bir şəhər üçün bu hava şəraiti qeyri-adi hesab olunur. Sakinlər isə uzun sürən qar və soyuq hava səbəbindən həm çətinliklər yaşayır, həm də bu vəziyyətin səbəblərini anlamağa çalışırlar.

Bəs Bakıda qarın bu qədər davamlı yağmasının səbəbi nədir?

KONKRET.az yenisabah.az-a istinadən bu məsələni “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli ilə müzakirə edib.

Ekspert mövzuya belə aydınlıq gətirib:

“Bakıya qar yağması nadir hadisədir və adətən ildə 1-2 dəfə müşahidə olunur. Bununla belə, müxtəlif dövrlərdə paytaxtda daha intensiv yağıntılar da qeydə alınıb. Məsələn, 2012-ci ildə Bakıya yağan güclü qar nəticəsində hətta dəniz sahili belə donmuşdu. Bundan əvvəl isə 1990-cı illərin sonlarında paytaxtda oxşar hava şəraiti müşahidə olunmuşdu.

Bakı, əsasən, mülayim subtropik iqlimə malik olduğuna görə, burada davamlı qış müşahidə edilmir. Şəhər quraq iqlimə meyilli olduğundan uzunmüddətli qar yağışı gözlənilən deyil. Paytaxtda qarın davamlı olmaması bölgələrlə müqayisədə daha aydın görünür. Məsələn, dağlıq və dağətəyi rayonlarda qar örtüyü daha uzun müddət qalır”.

Q.İbrahimli onu da qeyd edib ki, Bakıda yağıntının miqdarı ümumilikdə normaldır, lakin şəhərin güclü küləkləri səbəbindən qar yağışı nadir hallarda baş verir:

“Külək səngidikdə və atmosferdə alçaq təzyiq zonası yarandıqda, şimaldan soyuq hava kütlələri və ya Aralıq dənizindən gələn hava axınları nəticəsində qar yağa bilər. Lakin bu proses hər zaman baş vermir və iqlim dəyişikliyi ilə əlaqələndirilməməlidir. Bakıya qar yağıntısı bəzən 5-10 ildən bir, bəzən isə daha tez-tez müşahidə olunan təbii hadisədir.

Bu il də dağlarımızda qarın olması sevindirici haldır, çünki bu, su ehtiyatlarının qorunması baxımından önəmlidir. Beləliklə, narahatlığa əsas yoxdur. Qar yağışı təbiətin normal proseslərindən biridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*