Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi və qarın yağması təbiətdə bir sıra dəyişikliklərə səbəb olur. İnsanlar arasında belə bir inanc var ki, qar yağan zaman mikroblar ölür və hava daha təmiz olur. Bu fikrin nə qədər həqiqətə uyğun olduğunu isə elm və tədqiqatlar müəyyən edə bilər.
Bəs, doğrudanmı qar mikrobları məhv edir?
KONKRET.az xəbər verir ki, “Yeni Sabah” el arasında dolaşan bu iddiaları allerqoloq Şahvələd Məmmədovla müzakirə edib. Həkim mövzu haqda bir sıra məqamlara toxunub:
“Təbii ki, el sözündə də bir həqiqət var. Paytaxtımız Bakı günü-gündən inkişaf edir, yeni zavodlar, fabriklər və hündürmərtəbəli binalar inşa olunur. Lakin bu proses şəhərin ekoloji vəziyyətinə mənfi təsir göstərir. Yaşıllıq sahələrinin azalması, sənaye müəssisələrinin fəaliyyəti və intensiv şəhərsalma havanın çirklənməsinə səbəb olan əsas amillərdəndir. Nəticədə müxtəlif mikroorqanizmlər və çirkləndiricilər havada yayılaraq insan sağlamlığı üçün təhlükə yaradır.
Bu baxımdan, yağıntıların olması atmosferin təmizlənməsi üçün son dərəcə vacibdir. Xüsusilə qış aylarında yağan yağış və qar havada toplanan toz, zərərli hissəciklər və mikrobları yuyaraq havanın keyfiyyətini yaxşılaşdırır. Bu da respirator xəstəliklərin yayılmasının qarşısını müəyyən qədər alır”.
Ş.Məmmədov onu da bildirib ki, havanın soyuması və rütubətin artması bəzi risklər də yaradır:
“Xüsusilə immun sistemi zəif olan insanlar belə havalarda sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər. Soyuq havalarda uyğun geyim seçimi, balanslı qidalanma və orqanizmi gücləndirən tədbirlər xəstəliklərdən qorunmaq üçün mühüm rol oynayır. Beləliklə, qış mövsümündə yağıntılar ekoloji baxımdan faydalı olsa da, insanların sağlamlığı üçün həm müsbət, həm də mənfi təsirləri nəzərə alınmalıdır”.