Qazaxıstan vətəndaşları pasport və şəxsiyyət vəsiqəsini Əhaliyə Xidmət Mərkəzində növbəsiz rəsmiləşdirə biləcəklər.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, şəxsiyyət vəsiqəsi və pasport hər bir yetkin vətəndaşı üçün vacib sənəd olduğuna görə mərkəzlərdə növbələr yaranır. Müasir sənədlərin etibarlılıq müddəti 10 il olduğundan, vaxtaşırı onların yenilənməsi tələb olunur.
Hazırda bunun üçün vətəndaşlar Əhaliyə Xidmət Mərkəzinə gedərək növbə talonu almalı, növbəsini gözləməli, mütəxəssisə müraciət etməli və bütün zəruri prosedurlardan keçməlidirlər.
Bu isə vaxt itkisinə səbəb olur və insanların mərkəzin iş qrafikinə uyğunlaşmasını tələb edir.
Buna görə də ölkədə biometrik terminalların sınaqdan keçirilməsinə başlanacaq. Bu terminallar vasitəsilə vətəndaşlar pasport və ya şəxsiyyət vəsiqəsini özləri müstəqil şəkildə rəsmiləşdirə biləcəklər.
Beləliklə, vətəndaşın bütün prosesi ƏXM əməkdaşının iştirakı ilə keçməsinə ehtiyac qalmayacaq, prosedurun bir hissəsini o, terminal vasitəsilə özü yerinə yetirəcək.
Məqalədə bu ağıllı terminallardan kimin istifadə edə biləcəyi, onların harada quraşdırılacağı, sənədləşmə üçün nələrin lazım olacağı və hazır sənədin necə əldə ediləcəyi izah olunur.
Natiq Səlim,
KONKRET.az
