Son dövrlər texnologiyanın inkişafı ilə əlaqədar məzar daşlarına QR kodların yerləşdirilməsi hallarına da rast gəlinir. Bu kodlar vasitəsilə mərhumun həyatı, xatirələri və bioqrafiyası haqqında məlumat əldə etmək mümkün olur. Lakin bu yenilik dini baxımdan müzakirələrə səbəb olur.
Bəs məzar daşlarına QR kod yerləşdirilməsi İslam dininə görə nə dərəcədə doğrudur?
KONKRET.az xəbər verir ki, demokrat.az-a mövzu ilə bağlı açıqlama verən dinşünas Yaşar Qurbanov bildirib ki, İslam dinində məzar daşlarının üzərinə QR kod yerləşdirilməsi ilə bağlı hər hansı dini əsas yoxdur.
Onun sözlərinə görə, bu, son dövrlərdə bəzi insanlar tərəfindən tətbiq edilməyə başlanan yenilikdir:
“QR kod vasitəsilə mərhumun həyatı, keçmişi və digər məlumatları haqqında məlumat əldə etmək mümkün olsa da, belə bir üsulun dinimizdə xüsusi yeri yoxdur. Peyğəmbərimiz Məhəmməd (sallallahu aleyhi və səlləm) dövründə məzarların üzərinə bu cür işarələrin və ya QR kodların yerləşdirilməsi kimi bir tətbiq olmayıb. Buna görə də bu cür yenilikləri dini ənənə kimi təqdim etmək düzgün deyil. İnsan öz yaxınını tanıyır, onun qəbrinin harada olduğunu bilir və ehtiyac olduqda məzarını ziyarət edə bilər. Mərhumu yad etmək üçün mütləq şəkildə məzar daşına əlavə işarələr və ya texnoloji vasitələr yerləşdirməyə ehtiyac yoxdur.
Əsas məsələ mərhumun xatirəsini yaşatmaq, onun üçün dua etmək və dini dəyərlərə uyğun davranmaqdır. İnsanlar belə məsələlərdə diqqətli olmalı, dinin mahiyyətinə uyğun olmayan tətbiqləri dini zərurət kimi qəbul etməməlidirlər. Bu cür yeniliklərə həddindən artıq əhəmiyyət verməkdənsə, mərhumun ruhuna dua etməyə və mənəvi dəyərləri qorumağa üstünlük vermək daha məqsədəuyğundur”.
