Qərb Ermənistanı dalana dirədi – Paşinyan çıxılmaz VƏZİYYƏTDƏ QALIBbackend

Qərb Ermənistanı dalana dirədi - Paşinyan çıxılmaz VƏZİYYƏTDƏ QALIB

“HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi və İsrail qüvvələrinin Livanın paytaxtı Beyrutda Hizbullah komandirinə hücumu ilə Yaxın Şərqdə yeni geosiyasi tufan qopub. Belə bir vaxtda Ermənistanın xarici siyasi həyatında Qərb aktivləşib. Azərbaycanla danışıqlar isə aktuallığını yeni formaya salıb”.

KONKRET.az xəbər verir ki, bu kimi şərhlərə erməni mediasında rast gəlinir.

Həmin analitik yazılarda vurğulanır ki, “Qərb Ermənistan-Azərbaycan nizamlanmasına və Sülh Sazişinin imzalanmasına böyük ümidlər bəsləməkdə davam edir. Qərb platformasında bu yaxınlarda təşkil edilmiş iki görüş, yumşaq desək, uğursuzluğa düçar oldu. İstər Vaşinqton, istərsə də Brüssel eyni vaxtda müxtəlif rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə İrəvan və Bakını sülh sazişini imzalamağa çağırır, Bakı isə İrəvana yeni tələblər qoyur.

Avropa Şurasının prezidenti Çarlz Mişel iyulun 18-də Londonda keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirərək, iki ölkə arasında davam edən sülh danışıqlarını yenidən aktivləşdirməyə çalışıb. Məlumata görə, Çarlz Mişel də hər iki tərəfə məktub yazaraq onları danışıqlar masasına qayıtmağa və sülh sazişini yekunlaşdırmağa, sərhədlərin demarkasiyası kimi həll olunmamış məsələlərdə irəliləyişə nail olmağa çağırıb. Media yazır ki, Brüsseldə aylarla davam edən gecikmələrdən sonra məyusluq artır.

Bir neçə gün əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi ABŞ nümayəndəsi Lui Bononun danışıqlar məsələsi ilə bağlı İrəvana səfərini təqdim edərkən vurğulamışdı: İndi Cənubi Qafqazın sosial və iqtisadi potensialını ortaya çıxarmağa imkan verəcək sülh sazişinin vaxtıdır”.

Təxminən bir ay əvvəl İrəvanda, sonra isə Bakıda olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Senatda Xarici Əlaqələr üzrə Komitənin Avropanın gələcəyi ilə bağlı dinləmələrində Ermənistan-Azərbaycan prosesləri barədə danışıb.

“Biz Baş nazir Paşinyan və prezident Əliyevin sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik. Rusiya bunun öz şərtləri ilə olmasını istəyir, lakin tərəflər onun iştirakından müəyyən qədər məyusdurlar. Biz çalışırıq ki, mümkün saziş hər iki ölkənin sülh istəklərini əks etdirsin. Həmçinin, Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və onların qlobal bazarlara çıxışı hazırda Rusiya və ya Çindir. Əgər biz Ermənistandan və ya Azərbaycandan keçən yolu aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar”, – O`Brayn ABŞ-ın bu məsələdə mövqeyini təkrarlayıb.

Onun sözlərinə görə, Rusiya 2020-ci ildən əvvəl və sonra Ermənistanın təhlükəsizliyinin təminatçısı olub, lakin buna nail ola bilməyib. O’Braynın fikrincə, bu, Ermənistan ictimaiyyətinin Rusiyanı tərk etmək istəyidir.

“Rusiya sərhədçilərinin Ermənistanın əsas hava limanını tərk etməsi üçün son tarix yaxınlaşır və Rusiyanın addımları Moskvanın Ermənistanın suveren istəklərinə nə qədər hörmətlə yanaşdığını açıq-aydın göstərəcək”, – ABŞ rəsmisi bildirib.

O, Dövlət Departamentinin Ermənistanın Rusiyadan asılılığını azaltmağa kömək edəcək platforma yaratdığını da açıqlayıb. “Ermənistan enerji və iqtisadi sahədə demək olar ki, tamamilə Rusiyadan asılıdır. Biz onların şaxələndirilməsini dəstəkləməliyik, onlara baş nazir Paşinyanın rəhbərlik etdiyi cəsarətli addımları həyata keçirmək imkanı verməliyik”, – Ceyms O’Brayn əlavə edib.

Qeyd edək ki, O`Brayn ABŞ Senatında bu haqda danışarkən, demək olar ki, eyni vaxtda, Tehranda prezidentin andiçmə mərasimindən əvvəl İranın ruhani lideri Seyid Əli Xamenei Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Qərb liderlərinin sazişi imzalamağa çağırışlarına baxmayaraq, Azərbaycan rəsmiləri Ermənistana tələblər göndərməkdə davam edir.

Rusiyalı politoloq Stanislav Tarasov bildirib ki, Qərbin və Bakının Ermənistanın hazırkı hakimiyyətindən gözləntiləri aydındır. Onun sözlərinə görə, Qərb Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir. Çünki, onlara görə bu yol Rusiya və Çinin ticarət-iqtisadi, kommunikasiya, eləcə də siyasi çəkisini və nüfuzunu zəiflədək.

“Burada da açıq şəkildə qeyd olunur ki, İrəvan üçün Vaşinqton-Brüssel platformasının yaradılması müqabilində İrəvandan cəsarətli addımlar gözlənilir. “Cəsarətli addımlar” dedikdə Rusiyaya doğru atılan addımları və Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı addımları nəzərdə tuturuq. Öz növbəsində Azərbaycan tərəfi konstitusiya dəyişikliklərinin bir günə, hətta bir aya həyata keçirilməsinin mümkün olmadığını başa düşür. lakin bu tələbdə israr etməkdə davam edir, çox güman ki, İrəvandan həmin istiqamətdə hansısa başqa addım gözləyir”, – deyə Tarasov bildirib.

Onun sözlərinə görə, tərəflər və Ermənistan ətrafında vəziyyət o yerə çatıb ki, Qərb və Azərbaycan Ermənistandan bir neçə istiqamətdə addımlar gözləyir.

Bu addımlar baş tutmasa, təbii ki, proses başqa mərhələyə keçəcək, ya da danışıqlar prosesi pozulacaq və başqa hallar yaranacaq”, – deyə analitik bu fikri bildirib.

“Yaxın Şərqdə paralel olaraq baş verənlər ABŞ siyasətinin başqa qolunun təzahürüdür. Təbii ki, Ermənistanın qonşuluğundakı qeyri-sabitlik Zaqafqaziya regionunun sabitliyinə kömək etmir”, – deyə o bildirib.

“Rusiya Xarici İşlər Nazirliyi mütəmadi olaraq bununla bağlı xəbərdarlıq edir. Ona görə də bəlkə də Qərbdə Ermənistandan gözləntilərin olduğu mərhələ gəlib çatıb. Ancaq bunlar elə məsələlərdir ki, İran bunun əleyhinədir, sonra əhval-ruhiyyənin onsuz da gərgin olduğu Ermənistan ictimaiyyəti arasında da mənfi reaksiya var. Ona görə də bütün bunların fonunda Rusiyanın vasitəçilik təklifi və Rusiyanın əslində nə təklif edə biləcəyi, Ermənistanın buna necə cavab verə biləcəyi çox maraqlı olur”, – deyə o bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*