Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Maqsud Fərəcovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxsə 1 il 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə bu il saat 20 radələrində Goranboy rayonunun Qurbanzadə kəndində baş verib.
Belə ki, Maqsud Fərəcovun tanışları bir-biri ilə qeyri-etik zarafatlar etməsi ilə bağlı yaranmış məsələni aydınlaşdırmaq məqsədilə həmin şəxsin atası zərərçəkmiş Uğur Məcidovla (adı, soyadı şərtidir) görüşüb. Söhbət zamanı təqsirləndirilən şəxsin zərərçəkmişin digər oğlunun ünvanına da əvvəllər nalayiq ifadələr işlətdiyi məlum olub.
Bu məsələ ilə bağlı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Uğurun onu nalayiq ifadələrlə söyüb təhqir etməsinə hiddətlənən Maqsud üzərində gəzdirdiyi qatlanan tipli ov bıçağını çıxarıb. O, bıçaqla zərərçəkmişin döş qəfəsinin arxa və sol yan nahiyələrinə qəsdən iki dəfə zərbə endirib.
Nəticədə zərərçəkmişin bədənində iki deşilmiş-kəsilmiş yara yaranıb.
İstintaqla təqsirləndirilən şəxsin əvvəlcədən qanunsuz olaraq əldə etdiyi və üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ov bıçağından istifadə etməklə zərərçəkmişin sağlamlığına qəsdən ağır zərər vurduğu müəyyən edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maqsud Fərəcov 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. O, cəzanın icrasını təmin etmək məqsədilə məhkəmə iclas zalında dərhal həbs edilmişdi.
