25 oktyabr 2020-ci ildə işğaldan azad edilmiş Qubadlı bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin “S.A_Partners” şirkəti və Komitənin tabeliyində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Qubadlı şəhərinin Baş planı 9 sentyabr 2025-ci ildə təsdiq edilib.
Baş plana əsasən, 2040-cı ilədək şəhərin ərazisinin 505 hektara, əhalisinin isə 14 min nəfərə çatdırılması nəzərdə tutulur.
Şəhərin gələcək inkişaf konsepsiyasında müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılması, təbii landşaftın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və ictimai məkanların yaradılması əsas prioritetlərdəndir. Baş planda şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, piyada küçələri, eləcə də sosial və nəqliyyat infrastrukturu üçün ərazilər müəyyən edilib.
Bu gün Baş planın həyata keçirilməsi istiqamətində şəhərdə yaşayış məhəllələrinin və infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Eyni zamanda, rayonun Mahruzlu və Zilanlı kəndlərində yaşayış evləri və zəruri infrastruktur qurulur.
Qubadlının yenidən qurulması doğma torpaqlara qayıdışın təmin edilməsi ilə yanaşı, gələcək nəsillər üçün rahat, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılmasına xidmət edir.
