ABŞ Prezidenti Donald Tramp İranın radar sistemlərini sıradan çıxardıqlarını bəyan edib. O, bu açıqlamasında Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru olmuş əmisi Con Trampın radar texnologiyalarının inkişafındakı rolunu da xatırladıb.
KONKRET.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Tramp Floridada aralıq seçkilərlə bağlı erkən səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən İranın hərbi imkanlarına zərbə vurduqlarını iddia edib.
“Əmim radarı ixtira edib. İnanırsınız? MIT-dən doktor Con Tramp. Yəqin ki, buna görə mənə əsəbiləşəcək, amma mən onların radarını sıradan çıxardım. Digər hər şeyi də sıradan çıxardım”, – deyə ABŞ prezidenti bildirib.
Tramp İranın iqtisadi vəziyyətinə də toxunaraq ölkədə inflyasiyanın 301 faizə çatdığını iddia edib. O, ABŞ-ın hərbi əməliyyatlar zamanı gördüyü işləri uğurlu qiymətləndirsə də, qarşıya qoyulan məqsədlərə tam nail olunub-olunmayacağı sualını açıq saxlayıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Apreldə Pentaqon İranın hava hücumundan müdafiə sistemlərinin təxminən 80 faizinin, hərbi dəniz donanmasının isə 90 faizindən çoxunun məhv edildiyini açıqlayıb.
Günay Əli
KONKRET.az
