Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…backend

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə...

Azərbaycan dövlətçilik və siyasi tarixində uzun illər ərzində ən nüfuzlu, qapalı və toxunulmaz fiqurlardan biri kimi qəbul edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən proseslər kulminasiya nöqtəsinə çatıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qərarı ilə onun partiya sıralarından qəti şəkildə xaric edilməsi və bütün dövlət titullarından, təltiflərindən məhrum olunması məsələsinin rəsmi şəkildə dövlət rəhbərliyi qarşısında qaldırılması ölkə ictimaiyyətində bomba effekti yaradıb. Bu addım təkcə bir məmurun siyasi səhnədən silinməsi deyil, həm də bütöv bir dönəmin qaranlıq səhifələrinin qapandığının və cəzasızlığın mütləq şəkildə sona çatdığının əyani sübutudur.

Yada salaq ki, Ramiz Mehdiyevin onilliklər ərzində əldə etdiyi və sinəsinə taxdığı ordenlər siyahısı olduqca zəngin və çeşidli idi. Azərbaycan Respublikasının müstəqillik dövründə aldığı əsas ali mükafatlar sırasında ölkənin ən yüksək təltifləri – “Heydər Əliyev”, “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenləri dayanır. Lakin onun təltifləri yalnız yerli səviyyə ilə məhdudlaşmırdı. Sabiq rəhbərin zəngin bioqrafik dosyesində SSRİ dövründən qalma “Qırmızı Əmək Bayrağı” ordeni, eləcə də müstəqillik illərində Rusiya Federasiyasının ona təqdim etdiyi “Dostluq” və “Şərəf” ordenləri, həmçinin xarici dövlətlərin və beynəlxalq qurumların verdiyi müxtəlif dərəcəli medallar və fəxri adlar xüsusi yer tuturdu. İndi isə illərlə qürurla daşıdığı bu orden və titulların hamısının bir anda əlindən alınması proseduru onun necə dərin bir siyasi uçuruma yuvarlandığını açıq şəkildə göstərir.

Dövlətə xəyanət kimi son dərəcə ağır və bağışlanmaz ittihamla üzləşən, barəsində hüquqi müstəvidə ciddi məhkəmə prosesləri gedən Ramiz Mehdiyevin bütün bu regaliyalardan məhrum edilməsi qaçılmaz reallıqdır. Cinayət Məcəlləsinin və qüvvədə olan qanunvericiliyin tələblərinə görə, onun yaşı nəzərə alınmaqla ömürlük azadlıqdan məhrumetmə cəzasının birbaşa tətbiqinə müəyyən hüquqi məhdudiyyətlər mövcuddur.

Lakin ictimai qınaq, dövlət qarşısında edilən xəyanətin ağır yükü, bütün statusların, fəxri adların, imtiyazların və cəmiyyət içindəki illərin yaratdığı saxta nüfuzun bir anda darmadağın edilməsi məhz həmin şəxs üçün fiziki azadlıq məhdudiyyətindən qat-qat ağır, mənəvi baxımdan isə ömürlük damğa və məhbusluq həyatına bərabər bir cəza deyilmi? Tarix hər zaman göstərib ki, zirvədən dərələrə yuvarlanan diktator xarakterli və ya idarəetmədə səlahiyyətlərini şəxsi maraqlara qurban verən fiqurlar üçün cəmiyyətin nifrəti və tarixin qara səhifələri ən sərt hökmdür.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı nocommentaz-a geniş şərh verən hüquqşünas Natiq Ələsgərov bildirib ki, dövlətə və xalqa qarşı törədilən ağır cinayətlərin, xüsusilə də dövlətə xəyanət kimi bağışlanmaz əməllərin hüquqi müstəvidə qiymətləndirilməsi hər zaman qanunvericiliyin sərt çərçivəsində həyata keçirilir:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, müəyyən yaş həddinə çatmış şəxslərin barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqi ilə bağlı qanuni tənzimləmələr və istisnalar mövcuddur. Lakin bu o demək deyil ki, hüquqi yaş senzindən yararlanan şəxs törətdiyi əməllərin məsuliyyətindən tamamilə yaxa qurtara bilər. Dövlət təltiflərindən, ali ordenlərdən, fəxri adlardan məhrum olunmaq, cəmiyyət və xalq qarşısında qazanılmış bütün keçmiş siyasi dividendlərin birtərəfli qaydada sıfırlanması həmin kateqoriyadan olan insanlar üçün ən ağır mənəvi, siyasi və psixoloji cəzalardan biridir. Azərbaycan dövlətçiliyinin təməllərinə qarşı çıxan, milli maraqları təhlükə altına atan istənilən şəxs gec-tez qanun qarşısında cavab verməli və tarixin yaddaşında məhz xain damğası ilə qalmalıdır. Bu proses bir daha sübut edir ki, heç kim qanundan və xalqın ədalət məhkəməsindən üstün ola bilməz. Cəmiyyətin gözü qarşısında baş verən bu hüquqi və siyasi təmizlənmə gələcəkdə dövlətə idarəçilik səviyyəsində xəyanət etmək istəyənlər üçün də dərs olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*