Sentyabrın 8-i saat 00:00-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla fərdi və taksilərlə hərəkətə heç bir məhdudiyyət tətbiq olunmayacaq.
KONKRET.az xəbər verir ki bununla bağlı Operativ Qərargah qərar verib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev postların yığışdırılıb, yığışdırılmayacağı ilə bağlı açıqlama verib:
”Postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin daşınma fəaliyyəti istisna olmaqla həmin məhdudiyyətlər bu gecə saat 00:00-dan ləğv edildiyi üçün nəqliyyat vasitələrinin yoxlanılması prosesi və ümumiyyətlə postların fəaliyyəti də dayandırılacaq. Karantin postlarındakı müəyyən avadanlıqlar və qurğular hələ ki orada qalacaq. Çünki yoluxma sayının bundan sonra necə olacağı və buna uyğun hansı qərarın veriləcəyi məlum deyil”.
7 nəfərdən çox tutumu olmayan avtomobillər minik avtomobili hesab edilir və onların taksi kimi sərnişin daşımasına hər hansı məhdudiyyətin olmayacağı da bildirilib:
“Tövsiyə edirik ki, vətəndaşlar gecə saatlarında yola çıxaraq, saat 00.00-dan yollar açılan kimi Bakıya daxil olmağa, yaxud paytaxtdan rayon istiqamətinə getməyə çalışmasınlar. Çünki gecə insanlar yorğun, yuxusuz ola bilər və yol-nəqloiyyat hadisələri ilə nəticələnə bilər. Yəni mümkün qədər səfərləri gecə saatlarına saxlamasınlar ki, məhdudiyyət aradan qalxan kimi sıxlıq da yaranmasın”.
K.Əliyev xüsusilə vurğulayıb ki, sərnişinlərin tibbi-metodik göstərişlərə əməl ertməsi də zəruridir:
“Həm sürücülər, həm də sərnişinlər öz sağlamlığını qorumaq üçün tənəffüs yollarını qoruyan xüsusi vasitələrdən istifadə etməlidir”.