“Regionların inkişafı yeni mərhələdə: Dövlət proqramları hansı nəticələri verib?”backend

"Regionların inkişafı yeni mərhələdə: Dövlət proqramları hansı nəticələri verib?"

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır. Bu məqsədlə son illərdə həyata keçirilən dövlət proqramları regionlarda infrastrukturun yenilənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verib.

Artıq regionların simasında baş verən dəyişikliklər göz önündədir. Yeni yolların çəkilməsi, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sosial infrastrukturun genişləndirilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi regionların inkişaf potensialını əhəmiyyətli dərəcədə artırıb.

2004-cü ildən etibarən ardıcıl şəkildə həyata keçirilən dövlət proqramları regionların ölkənin ümumi sosial-iqtisadi inkişaf strategiyasına inteqrasiyasını təmin edib. Bu proqramlar iqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin açılması, sahibkarlığın dəstəklənməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm rol oynayıb.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda regionların inkişafı istiqamətində uzun illərdir sistemli dövlət proqramları icra olunur.

Qeyri-neft sektorunda ixrac azalır-SƏBƏBLƏR

Onun sözlərinə görə, regionlarda elektrik, qaz, içməli su, rabitə və yol infrastrukturu kimi həyati əhəmiyyət daşıyan sahələrin inkişafı üçün böyük həcmdə dövlət investisiyaları ayrılıb.

“İri investisiyalar hesabına regionlarda yol infrastrukturu yenilənib, qaz, elektrik, su və rabitə təminatının əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu da regionların sosial-iqtisadi inkişafını sürətləndirən əsas amillərdən biridir.”

Ekspert qeyd edib ki, aqrar sektorun inkişafı məqsədilə təqdim olunan güzəştli kreditlər sahibkarlığın genişlənməsinə və biznes mühitinin daha da yaxşılaşmasına ciddi təsir göstərib.

Onun sözlərinə görə, son illərdə kənd təsərrüfatına ayrılan subsidiyaların həcmi də artırılıb.

“Strateji dövlət proqramları çərçivəsində maldarlıq, əkinçilik və bağçılıq sahələrinə verilən subsidiyalar genişləndirilib. Bu dəstək kənd təsərrüfatı istehsalının artmasına, fermerlərin fəaliyyət imkanlarının genişlənməsinə və aqrar sektorun rəqabət qabiliyyətinin yüksəlməsinə müsbət təsir göstərir”.

Razi Abbasbəyli vurğulayıb ki, həyata keçirilən kompleks tədbirlər regionlarda məşğulluğun artmasına, yeni biznes subyektlərinin yaranmasına və əhalinin gəlirlərinin yüksəlməsinə şərait yaradıb.

“Son illərdə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları da əhəmiyyətli dərəcədə genişlənib. Regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət siyasətinin davam etdirilməsi gələcəkdə də sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə mühüm töhfə verəcək.”

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*