Rəşad Məcid: “Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: Bundan bütöv jurnalistika itirir”backend

Rəşad Məcid: "Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: Bundan bütöv jurnalistika itirir" 

Cəmiyyətin aynası hesab edilən media həyatımıza ciddi təsir edir. Mediada əksini tapan mövzular, həmin mövzuların cəmiyyətdə doğurduğu rezonans bəzən fərqli olur. Ötürülən informasiyanı anlamaq, onu təhlil etmək üçün peşə hazırlığı vacib şərtdir. Eyni zamanda jurnalistin tənqidi düşüncə tərzindən irəli gələnlər qərəz deyil, sırf reallığı əks etdirməlidir.

Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid KONKRET.az-a müsahibə verib.

– Jurnalistin tənqidi düşüncəsi necə olmalıdır? 

– Hesab edirəm ki, tənqidi düşüncənin sərhədləri çox böyükdür və tənqid etmək əzmi heç bir halda yaradıcılığın sərhədlərini keçə bilməz. Əgər keçirsə, bu, tənqid yox, qərəzdir. Fikrimcə, tənqidi qərəzdən ayırmaq, xəbəri anlamaq o qədər də çətin deyil.  Tənqidi yazan hər bir peşəkar jurnalist də tənqid və qərəzi bir-birindən ayıra bilir.

Ümumən, tənqid jurnalistika üçün son dərəcə vacibdir. Əlbəttə, söhbət sağlam tənqiddən gedir. Fikrimcə, sağlam tənqid obyekti hədəfə çevirmək deyil. Təəssüf ki, Azərbaycan mediasında bu halı görürük. Bəzən elə olur ki, bir şəxs, yaxud qurum haqqında silsilə tənqidi yazılar yayımlanır. Bilirsiniz, biz media olaraq cəmiyyətə mesaj veririk. Bu mesaj kimisə linç etməməlidir. Prinsipcə, tənqid etdiyimiz şəxsin, yaxud qurumun özünü düzəltməsinə şərait yaratmalıyıq. Axı jurnalistika mütərəqqi mahiyyətlidir. Mütərəqqi düşüncədə isə heç nəyi şəxsləşdirmə olmamalıdır. Yəni tənqid etdin, nəticəsini gözlə, izlə, lazım gəlsə, yenə tənqid et. Amma tənqidi düşünürəm deyib, tənqid obyektini hədəf kimi göstərmək əksər hallarda haqlı ikən haqsız durum formalaşdırır. Çalışaq haqlı olaq.

– Jurnalistikanın prinsiplərini dərk etmək anlayışı bir qədər maraqlı yanaşmadır.  Bu prinsiplər hansı mənada nəzərdə tutulur? Kim dərk etməlidir: oxucu, yoxsa jurnalist?

– Əlbəttə, jurnalistikanın prinsiplərini dərk etməyin özü maraqlıdır. Burada, müəyyən mənada, fəlsəfi semantika da var. Peşə prinsiplərinə sayğılı yanaşma jurnalistdən, ilk növbədə, həssas yanaşma tərzi tələb edir. Haqqında yazdığın insanı ən əvvəl insan kimi təsəvvür etməlisən. Onun hisslərini, emosiyalarını, verəcəyi reaksiyanı hesablamalısan. Kor-təbii yanaşma yolverilməzdir. Əgər kor-təbii yanaşırsansa, səhvə yol verəcəksən və belədə itirən bütövlükdə jurnalistika olacaq. Çünki onun ictimai maraqların qorunmasına yönələn missiyası heçə enəcək.

Gələk sualınızın digər hissəsinə. Oxucu istehlakçıdır. Yəni o, jurnalistin zehni məhsulu ilə tanış olur və buna uyğun da formalaşır. Jurnalistika üçün oxucu amili önəmlidir. Amma jurnalistika, eyni zamanda, səviyyəli oxucu auditoriyası yaratmalıdır. Hesab edirəm ki, bu istiqamətdə yeganə istinadgah peşə prinsipləridir. Jurnalistlər onlara riayət edərək səviyyəli, cəmiyyəti düşündürən materiallar hazırlayırlarsa və həmin materiallar maraqla qarşılanırsa, deməli, cəmiyyət-media oxu səmərə verir.

– Sosial mediada əks olunanlar əksər hallarda reallığı əks etdirmir. Problemin kökündə nə dayanır?

– İnternetin insan həyatına yeni qədəm qoyduğu vaxtları xatırlayıram. O zaman bu mühit insanlara qəribə gəlirdi. Əlbəttə, normal düşüncə sahibləri internetin faydaları üzərinə kökləndilər. Anormallar isə ondan xislətlərindən irəli gələn neqativləri ortaya qoyma meydanı kimi yararlandılar və bunu, müəyyən mənada, təbii qarşılamaq da olar. Eləcə də indiki durumu. Fikrimcə, zaman keçdikcə, sosial medianın reallığı əks etdirməyən bilgi yayıcılığı ampluası sıradan çıxacaq. İndilik isə bu kimi hallara münasibətim mənfidir və müsbətə doğru nəsə dəyişəcəyini düşünmürəm.

Vəli Həsənoğlu,

KONKRET.az

https://medialiteracy.media.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*