Son zamanlar VPN-dən (Virtual Private Network — virtual özəl şəbəkə) internet bağlantısını şifrələmək və IP ünvanını gizlətmək üçün istifadə olunur. VPN istifadə edənlər üçün isə təhlükənin olub-olmaması sual doğurur.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev deyib ki, VPN istifadəsinin təhlükəli olub-olmaması, istifadə olunan VPN-in növündən və məqsədindən asılıdır:
O qeyd edib ki, korporativ/dövlət VPN-ləri: söhbət dövlət qurumlarının öz daxili şəbəkələrinə təhlükəsiz giriş üçün istifadə etdiyi şifrələnmiş tunellərdən gedirsə, bu, təhlükəsizliyin bir parçasıdır: “Lakin infrastruktur hücuma məruz qalıbsa, VPN giriş nöqtələri də hədəf ala bilər.
Ümumi (Public/Free) VPN-lər: Kiberhücum zamanı istifadəçilər internetə çıxış tapmaq üçün qeyri-rəsmi və ya pulsuz VPN-lərdən istifadə edirlərsə, təhlükə dərəcəsi çox yüksəkdir. Çünki bu növ VPN-lərin çoxu istifadəçi məlumatlarını (data logging) toplamaq, reklam hədəfləməsi üçün istifadə etmək və ya hətta zərərli proqramları (malware) ötürmək üçün bir vasitə kimi işlədilə bilər. Kiberhücumun təsiri məsələsi. Əgər hücum infrastrukturu (məsələn, DNS serverləri və ya internet provayderləri) hədəf alınıbsa, VPN tuneli daxilindəki trafik daxili şəbəkəyə çatmadan “kəsilə” və ya “yönləndirilə” bilər”.
F.Musayev məlumatların ötürülmə riskinin mövcudluğundan da bəhs edib: “Bəli, müəyyən hallarda bu risk mövcuddur. Riskləri iki əsas qrupa bölmək olar: Man-in-the-Middle (MitM) hücumları nəzər etsək, infrastruktura yönəlmiş hücumlar zamanı şəbəkə trafikinin yönləndirilməsi manipulyasiya edilə bilər. Bu zaman hücumçu sizin cihazınız ilə hədəf server (məsələn, dövlət portalı) arasındakı əlaqəni “dinləyə” bilər. Əgər istifadə olunan protokol (HTTPS/TLS) zəifdirsə və ya şifrələmə qırılıbsa, məlumatların (parollar, şəxsi məlumatlar) ələ keçirilməsi mümkündür. Məlumatların sızması mümkündür, əgər kiberhücum yalnız saytın fəaliyyətini dayandırmaq (DDoS) üçün nəzərdə tutulubsa, bu, məlumatların oğurlanması deyil, sadəcə “əlçatmazlığı” deməkdir. Lakin hücumun məqsədi məlumat bazalarına (database) sızmaqdirsə, onda məlumatların ötürülməsi deyil, artıq saxlanıldığı yerdən oğurlanması riski yaranır”.
Mütəxəssis bildirib ki, rəsmi olmayan VPN-lərdən qaçınmalı, şübhəli, pulsuz və ya kimin tərəfindən idarə olunduğu məlum olmayan VPN xidmətlərindən istifadə edilməməlidir: “HTTPS protokoluna fikir verin, həmişə saytın ünvanının başında “https://” olduğundan və brauzerdə “kilid” işarəsinin olduğundan əmin olun. Bu, şifrələmənin mövcudluğunu göstərir. Həssas əməliyyatları təxirə salın, dövlət portallarında və ya bank əməliyyatlarında infrastrukturun qeyri-stabil olduğu və hücumların davam etdiyi vaxtlarda maliyyə və ya şəxsi məlumat tələb edən əməliyyatları minimuma endirin. Çoxfaktorlu autentifikasiya aktivləşdirin, bütün rəsmi hesablarınızda (elektron hökumət, bank və s.) ikiqat təsdiqləmə sistemindən istifadə edin. Bu, şifrəniz ələ keçirilərsə belə, ikinci müdafiə qatını təmin edir. Nəticə olaraq dövlət qurumlarının sistemlərinin yüksək keyfiyyətli müdafiə göstərməsi müsbət amildir, lakin bu, “hücumların tam dayandığı” demək deyil. İstifadəçilər kiberhücum dövrlərində internet trafikinin manipulyasiya edilmə ehtimalını nəzərə almalı və rəqəmsal gigiyena qaydalarına daha ciddi yanaşmalıdırlar”.
