Ermənistan parlamentnin sədri Ruben Rubinyanın bir vaxtlar Türkiyə səfəri zamanı daddığı Adana kababı ilə bağlı tərifləri diqqət çəkib.
KONKRET.az xəbər verir ki, Rubinyan parlamentdə çıxışı zamanı Türkiyədə yediyi Adana kababının dadından təsirləndiyini bildirib.
“Türkiyədə kabab yedim, Adana kababı. Çox xoşuma gəldi. Möhtəşəm dadı vardı”, – deyə Rubinyan qeyd edib.
Onun açıqlamaları həm Ermənistanda, həm də Adananın özündə maraqla qarşılanıb.
Adanalı kabab ustası Uğur Aydın isə Rubinyanı Adanaya dəvət edərək bildirib ki, bu ləzzəti yerində dadmaq lazımdır.
“Adana kababını yemədən, dadmadan heç kim bu ləzzəti anlaya bilməz. Hamı Adanaya gəlsin, kababımızı yesin. Ermənistan xalqı da gəlib bu dadı görməlidir”, – deyə Aydın bildirib.
Kabab ustası sülh mesajı da verərək qeyd edib ki, insanların bir masa arxasında oturması gərginliklərin azalmasına kömək edə bilər.
“Hamı oturub kabab yesə, sülh yaranar, hər şey həll olar. Bizim ölkəmizdə qonaqpərvərlik ön plandadır. Bütün qonşularımızı qəbul etməkdən məmnun olarıq. Gəlsinlər, gərginliyi burada bir kababla bitirək”, – deyə Uğur Aydın vurğulayıb.
Natiq Səlim,
KONKRET.az
