Rusiya sülhməramlılarının taleyi necə olacaq? – NEWS.rubackend

Rusiya sülhməramlılarının taleyi necə olacaq? - NEWS.ru

Azərbaycan-Ermənistan münasibətlərini dünya mətbuatı da diqqətdə saxlayır və bu barədə mütəmadi olaraq geniş analitik məqalələr dərc edilir. Düzdür, onların əksəriyyəti Azərbaycan əleyhinə aparılan kapmpaniyanın bir hissəsidir və ölkəmizin imicinə zərbə vurmağa xidmət edir. Ancaq elə yazılara da rast gəlinir ki, onlar obyektivliyi ilə diqqəti cəlb edir. Son vaxtlar Rusiya mətbuatında dərc olunan materalların çoxu Azərbaycan həqiqətlərini əks etdirir. Rusiyanın NEWS.ru saytında dərc olunan bir yazı da bu qəbildəndir.

KONKRET.az oxucuları üçün maraqlı olacağını nəzərə alıb həmin məqaləni təqdim edir.

“Çətin ki, kimsə sülh müqaviləsinin bağlanmasına mane ola bilsin” – bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. Bundan əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyan gələcək sülh müqaviləsinin əsas prinsiplərinin razılaşdırıldığını bildirmişdi. Çoxdan gözlənilən sülh son vaxtlar bir-biri ilə müharibə vəziyyətində olan ölkələrə, eləcə də qonşularına nə gətirəcək? Bundan sonra Moskva və Qərbin Cənubi Qafqazda mövqeləri güclənəcək, yoxsa zəifləyəcək? Rusiya sülhməramlılarının taleyi necə olacaq?

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniyanın xarici işlər nazirinin müavini Leo Doçerti qəbul edərkən Bakının regional sülh gündəmini dəstəklədiyini, Azərbaycanın Ermənistanla sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa hazır olduğunu vurğulayıb. Doçerti öz növbəsində Londonun sülh prosesini dəstəkləməyə hazır olduğunu bildirib. O, çərşənbə günü Azərbaycana gəlməmişdən əvvəl Ermənistan və Gürcüstanda da olub.

“Sülh müqaviləsi Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməsini nəzərdə tutur. Bununla da Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyini üzərinə götürəcək. Tərəflər arasında normal diplomatik münasibətlər qurulacaq. Bu, Bakının maraqlarına qarşı yönəlmiş böhran vəziyyətlərinin yaradılması imkanlarının azaldılması deməkdir”, – bunu NEWS.ru-ya politoloq Fərhad Məmmədov deyib.

Məmmədov ümid edir ki, iqtisadi nöqteyi-nəzərdən sərhədlər açılacaq və regionda nəqliyyat əlaqələri bərpa ediləcək. Onun sözlərinə görə, saziş həm də Naxçıvan vasitəsilə Azərbaycanı Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin işə düşməsini özündə ehtiva edəcək.

Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov isə bildirib ki, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat dəhlizinin hissələrindən biridir. Bu marşrutun bir qolu Rusiyanı İranın Fars körfəzindəki cənub limanları ilə, digəri isə Aralıq dənizindəki limanlarla birləşdirir. Ona görə də bu, Moskva üçün çox vacibdir”.

Müqavilə sayəsində Ermənistan nəhayət ki, 30 illik blokadadan çıxa, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də diplomatik əlaqələr qura bilər. İrəvandakı Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan deyir ki, buna İrəvanın hələ də fundamental etirazları var: “Heç bir ziddiyyət olmadığını söyləməzdim. Ölkələr çoxdan sülh müqaviləsi imzalamaq istədiklərini deyirlər, lakin bu, onun dəqiq harada bağlanması və məzmunu ilə bağlı fikir ayrılıqları səbəbindən mümkün olmayıb”.

Politoloq qeyd edib ki, əgər sənəd imzalansa, o zaman İrəvan üçün müsbət perspektivlər açılacaq: “Ermənistan rəhbərliyi artıq ilin sonuna qədər sülh müqaviləsi bağlamaq istədiyini və onun əsas marağının sərhədlərinin toxunulmazlığını təmin etmək, onları açmaq və regionda hərbi gərginliyi azaltmaq olduğunu bəyan edib. Bu, özlüyündə Rusiyanın Qafqaza təsirinin azalmasına gətirib çıxaracaq. Bu, İrəvanın qarşısında duran vəzifələr toplusudur”.

Владимир Сипягин

Dövlət Dumasının deputatı Vladimir Sipyaqin isə bildirib ki, Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik ocağından qurtulmalıdır. Onun sözlərinə görə, Moskva üçün Cənubi Qafqazda hərbi toqquşmaların dayandırılması, Rusiya vətəndaşlarının, xüsusən də sülhməramlıların təhlükəsizliyi vacibdir.

Bununla belə, Sipyaqin Bakı ilə İrəvan arasında müqavilənin yaxın gələcəkdə bağlanacağına şübhə ilə yanaşır: “Azərbaycan Türkiyəyə, Ermənistan isə Qərbə və ABŞ-a yönəlib. Çətin ki, Qərb İrəvana Bakı ilə hər hansı müqavilə imzalamağa imkan versin. Qərb siyasətçilərinin bu regionla, eləcə də Türkiyə, Azərbaycan və İran üçbucağında güc balansı ilə bağlı öz planları var”.

Lakin Solonnikov qeyd edir ki, Zəngəzur dəhlizi Moskva üçün faydalıdır. Çünki o, Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsindən asılı olan Türkiyəyə çıxış üçün əlverişli alternativ yoldur. Bildiyiniz kimi, məhz Lars vasitəsilə Rusiya bu gün paralel idxalın əhəmiyyətli hissəsini alır: “İndiki marşrut o qədər də etibarlı deyil, çünki Gürcüstan Rusiya üçün dost ölkə deyil”.

“Rəsmi Moskva İrəvanın sülh prosesini ləngitməsindən şübhələnir. Çünki İrəvan ABŞ və Aİ vasitəçiləri ilə danışıqlar aparmağa çalışır. Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istədiyindən regionda sülhün bərqərar olmasında maraqlı deyil”.

Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat həmçinin qeyd edib ki, Fransa İrəvana bu yaxınlarda hərbi yardım adı altında Ermənistan ordusunun ehtiyacları üçün aşkar “likvid olmayan aktivlər” köçürüb.

Tbilisi üçün nə dəyişəcək?

Tbilisi dəfələrlə Bakı ilə İrəvan arasında arbitr kimi çıxış etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, Gürcüstan yalnız Tbilisi, Bakı və İrəvanın iştirakı ilə üçtərəfli format qurmaqda qərarlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ümid edir. Bundan əvvəl ölkənin baş naziri İrakli Qaribaşvili Gürcüstanı  Azərbaycan və Ermənistan arasında “qərəzsiz, neytral və obyektiv vasitəçi” adlandırmışdı.

Təbii ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında barışıqdan faydalanacaq, çünki bu, Cənubi Qafqazın mühüm iqtisadi potensiala malik tamhüquqlu sabit regiona çevrilməsi deməkdir.

Ankara və Tehran üçün nə dəyişəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə və təhlükəsizliyi ona silah verən uzaq ölkələrlə deyil, qonşuları ilə əməkdaşlıqda axtarmağa çağırıb. Ankara regionun digər oyunçuları kimi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.

İran Ermənistanın ənənəvi dəstəkçisi hesab edilsə də, son vaxtlar İslam Respublikası qonşu regionda sülh tərəfdarıdır. Tehran şimal sərhədlərində NATO-nun təsirinin qarşısını almağa çalışır. “NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir”.

Bunu İran prezidenti İbrahim Rəisi ötən aykı çıxışında deyib. İran Qərbi Bakı ilə İrəvan arasındakı münasibətlərə qarışmamağa çağırır. Təsadüfi deyil ki, İran Bakıya Naxçıvana dəhliz yaratmaqda kömək etmək qərarına gəlib.

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması regionun bütün ölkələrinin marağındadır. Sülh müqaviləsi region dövlətlərinə yalnız iqtisadi mənfəət gətirəcək”. Bütün ekspertlərin gəldikləri yekdil rəy məhz belədir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*