Rusiya-Ukrayna müharibəsi ilə bağlı MÜHÜM NÜANSLAR: Putin savaşı bitirəcək, yoxsa?backend

Rusiya-Ukrayna müharibəsi ilə bağlı MÜHÜM NÜANSLAR: Putin savaşı bitirəcək, yoxsa?

“Hər bir müharibənin uzun müddət davam etməsi iştirak edən tərəflər üçün ciddi nəticələr doğurur. Bu, həm müharibənin miqyasından, həm də döyüşlərin intensivliyindən asılı olaraq milyonlarla, bəzən isə milyardlarla dollar həcmində iqtisadi zərərə səbəb olur və ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.

Artıq 4 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi həm insan kapitalına, həm də iqtisadi sahəyə əhəmiyyətli təsir göstərir. Ordunun saxlanılması və hərbi əməliyyatların aparılması üçün ayrılan vəsaitlər hər iki ölkənin maliyyə resurslarına əlavə yük yaradır və iqtisadi sabitliyə mənfi təsir edir”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

Elmir Səftərov: Azərbaycanın Ermənistanı əzici məğlubiyyətə uğratması böyük  güclərin planlarını pozdu- ÖZƏL

“Lakin mövcud vəziyyətə baxdıqda müharibənin sırf maliyyə çatışmazlığı, resurs problemləri və ya hərbi itkilər səbəbindən yaxın perspektivdə dayandırılması ehtimalı yüksək görünmür. Bu qarşıdurma daha çox prinsipial və strateji xarakter daşıyır və uzunmüddətli siyasi məqsədlər çərçivəsində davam etdirilir. Əgər müharibə uzun müddət davam edərsə, gələcəkdə həm siyasi, həm də sosial sahədə müəyyən gərginliklər yarana, eləcə də iqtisadi baxımdan ölkələr üçün ciddi çətinliklər meydana çıxa bilər. Bununla yanaşı, hazırda görünən odur ki, Rusiya müharibəni davam etdirmək strategiyasını dəyişmək niyyətində deyil”.

Siyasi şərhçi qeyd edir ki, bunun əsas səbəblərindən biri odur ki, Rusiyada iqtisadi problemlər mövcud olsa da, bu problemlər hələlik Kremlin strateji qərarlarını dəyişəcək qədər kritik səviyyəyə çatmayıb.

“Bu baxımdan ehtimal etmək olar ki, mövcud templə yaxın illərdə müharibənin başa çatması real görünmür.
Bundan əlavə, Rusiya hesab edir ki, zaman keçdikcə Ukraynaya Qərb ölkələrinin dəstəyi zəifləyə bilər. Xüsusilə Ukraynaya ən böyük hərbi və maliyyə dəstəyini verən ölkələrdən biri olan ABŞ-ın diqqətinin digər geosiyasi böhranlara yönəlməsi bu dəstəyin intensivliyinə təsir göstərə bilər.
Bundan əlavə, yeni gərginliklər Ukraynaya dəstək verən digər ölkələrin diqqətini müəyyən dərəcədə yayındırır və silah tədarükü ilə bağlı müəyyən çətinliklər yarada bilər. Bu vəziyyət isə müəyyən mənada Rusiyanın strateji maraqlarına uyğun gəlir”.

Elmir Səftərov vurğulayır ki, müharibələrin sona çatması adətən üç əsas amildən birinin baş verməsi ilə mümkün olur.

“Belə ki, tərəflərdən birinin hərbi məğlubiyyəti və ya təslimiyyəti, iqtisadi və siyasi sistemdə ciddi böhran və ya beynəlxalq səviyyədə güclü siyasi təzyiq. Hazırkı mərhələdə isə bu amillərin heç biri tam şəkildə formalaşmış görünmür”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*