Son günlər İran tərəfindən Türkiyə istiqamətində ballistik raket atılması ilə bağlı yayılan məlumatlar bölgədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Hadisə Ankaranın təhlükəsizlik gündəliyində ciddi narahatlıq yaratsa da, Türkiyə tərəfi məsələyə hələlik soyuqqanlı yanaşır. Maraqlıdır, bu cür hadisələrin təkrarlanması Türkiyəni hərbi cavab verməyə məcbur edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, artıq bir həftədən çoxdur bölgədə gərginlik yüksək səviyyədə davam edir.

Onun sözlərinə görə, ABŞ və İsrailin İran İslam Respublikasına qarşı başlatdığı hərbi əməliyyatlar regionda yeni risklər yaradıb.
Politoloq qeyd edib ki, İran daxilində də hakimiyyət strukturları arasında fikir ayrılıqları mövcuddur:
“İranda dini hakimiyyətlə icra hakimiyyəti arasında müəyyən ziddiyyətlər var və bu, əvvəllər də özünü göstərirdi. Müharibə şəraitində isə bu qarşıdurma daha açıq şəkildə hiss olunur. Dini hakimiyyətə bağlı qüvvələr bəzən təkcə ABŞ və İsrailə yaxın müttəfiqləri deyil, regiondakı digər qonşu dövlətləri də hədəf almaqdan çəkinmirlər”.
F. Ələkbərli vurğulayıb ki, İran prezidenti Məsud Pezeşkian isə daha fərqli mövqe sərgiləyir və qonşu ölkələrə qarşı belə addımların doğru olmadığını bildirir.
“Pezeşkian bəyan edib ki, İran ərazisindən qonşu dövlətlərə ballistik raket və digər hücumların həyata keçirilməsi doğru deyil və belə halların təkrarlanmayacağı araşdırılır. Lakin buna baxmayaraq, Türkiyə istiqamətində ikinci dəfə belə hadisənin baş verməsi narahatlıq doğurur”, – deyə o, bildirib.
Politoloqun sözlərinə görə, bu cür hücumların kim tərəfindən həyata keçirildiyi tam aydın deyil:
“Bəzi hallarda bu cür hücumları SEPAH öz üzərinə götürür. Lakin Türkiyə ilə bağlı məsələdə hələ dəqiq məlumat yoxdur. Bu, ya dini hakimiyyətə bağlı qüvvələrin addımıdır, ya da başqa qüvvələrin təsiri ilə baş verir”.
Ekspert hesab edir ki, Türkiyə hələlik hadisələrə təmkinli yanaşır. Lakin vəziyyət daha da gərginləşərsə, Ankara adekvat addımlar ata bilər.
“Türkiyədə bu məsələ ilə bağlı narahatlıq var. Artıq Pezeşkianla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı da olub. İran tərəfi hadisənin araşdırıldığını və Türkiyə ilə dost münasibətlərin davam etdiyini bildirir. Amma dini hakimiyyətə bağlı bəzi qüvvələrin davranışlarında bunu görmək olmur”, – deyə politoloq qeyd edib.
F. Ələkbərli əlavə edib ki, ümid edilir ki, baş verən hadisələr Azərbaycan və Türkiyənin İranla münasibətlərinin pisləşməsinə səbəb olmayacaq. Onun sözlərinə görə, region ölkələri mümkün risklərə hazır olmalı, lakin müharibə ssenarisindən qaçmağa çalışmalıdır.
“Azərbaycan və Türkiyənin İranla müharibə vəziyyətinə gəlməsi doğru olmaz. Ümid edirik ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək və gərginlik aradan qalxacaq”, – deyə o, vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
