“Rusiya-Ukrayna müharibəsində ABŞ tərəflər arasında atəşkəsin əldə olunması və danışıqlar prosesinin irəliləməsi üçün vasitəçilik missiyasını həyata keçirməyə çalışır. Bu baxımdan, ABŞ-ın Rusiyaya qarşı bəzi sanksiyaları yumşaltması və xüsusilə dizel yanacağı ilə bağlı razılaşmaya getməsi diqqət çəkir. Hesab edirəm ki, Vaşinqton bu addımlarla Moskvanı danışıqlar masasına gətirməyə və müharibənin dayandırılması istiqamətində irəliləyişə nail olmağa çalışır”.
Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə KONKRET.az-a açıqlamasında səsləndirib.

“Hazırda tərəflər arasında danışıqların başlanması istiqamətində müəyyən diplomatik təmaslar həyata keçirilir. Xüsusilə, Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun Vladimir Putinlə apardıqları danışıqlar bu baxımdan əhəmiyyətlidir. Bununla belə, hesab edirəm ki, danışıqların uğurla nəticələnməsi hələ də sual altındadır. Çünki Rusiya hərbi əməliyyatları davam etdirir və müharibənin dayandırılması ilə bağlı mövqeyində ciddi güzəştlərə getməyə hazır olduğu görünmür”.
Politoloq vurğulayır ki, Moskvanın əsas məqsədlərindən biri cəbhə xətti boyunca atəşkəsin əldə olunması deyil, öz ərazi iddialarının təmin edilməsidir.
“Əgər Vladimir Putin Donbasın bütün ərazisinin Rusiyaya verilməsini və Ukrayna qoşunlarının həmin ərazilərdən çıxarılmasını tələb edərsə, danışıqların nəticəsiz qalması ehtimalı yüksək olacaq. Çünki Kiyev üçün belə şərtlərlə razılaşmaq ciddi siyasi və təhlükəsizlik problemləri yarada bilər.
Hazırda Rusiya Ukrayna ərazilərinin təxminən 19 faizinə nəzarət edir. Bununla yanaşı, Moskvanın daha geniş ərazilərə nəzarət etmək və Ukraynanı əlavə ərazi güzəştlərinə məcbur etmək niyyəti danışıqlar prosesini çətinləşdirən əsas amillərdəndir. Bu məsələ tərəflər arasında razılaşmanın əldə olunmasına mane olan başlıca problemlərdən biri olaraq qalır”.
Onun sözlərinə görə, əgər Rusiya hazırkı cəbhə xətti boyunca atəşkəsə razılıq versə, belə bir razılaşma ABŞ, Avropa ölkələri və Ukrayna üçün də qəbul edilə bilən variant ola bilər.
“Bu halda tərəflər yekun sülh müqaviləsi imzalamadan hərbi əməliyyatları dayandırmaq barədə razılığa gələ bilərlər.
Hesab edirəm ki, cari ilin sonuna qədər yekun sülh müqaviləsinin imzalanmasından daha çox, cəbhə xətti boyunca atəşkəsin əldə olunması ehtimalı real görünür. Lakin bunun baş verməsi Rusiyanın ərazi tələblərindən nə dərəcədə geri çəkilməsindən və Ukraynanın təhlükəsizlik maraqlarının danışıqlarda nə qədər nəzərə alınmasından asılı olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
