Rusiya XİN: Ermənistan rəhbərliyi həm Avrasiya tərəfdaşlarını, həm də öz xalqını aldadır – VİDEObackend

Rusiya XİN: Ermənistan rəhbərliyi həm Avrasiya tərəfdaşlarını, həm də öz xalqını aldadır – VİDEO

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyini Avrasiya inteqrasiyası üzrə tərəfdaşlarını və ölkə əhalisini aldatmaqda ittiham edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.

Onun sözlərinə görə, son vaxtlar İrəvandan səsləndirilən bəyanatların məqsədi Ermənistanın Rusiya və Avropa İttifaqı ilə münasibətlərində yaranmış problemlərə görə məsuliyyəti başqalarının üzərinə atmaqdır.

Fadeyev qeyd edib ki, istənilən dövlət üçün xarici siyasətin şaxələndirilməsi normal haldır. Lakin onun fikrincə, “diversifikasiya” adı altında Avrasiya inteqrasiyasından və ənənəvi müttəfiqdən uzaqlaşaraq Rusiyaya açıq şəkildə düşmən münasibət bəsləyən Avropa İttifaqına yönəlmək düzgün yanaşma deyil.

Rusiya XİN rəsmisi bildirib ki, bu, təkcə Avrasiya inteqrasiyası üzrə tərəfdaşların deyil, həm də Ermənistan vətəndaşlarının aldadılması deməkdir.

O əlavə edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyasının mümkün sosial-iqtisadi nəticələri ictimaiyyətdən gizlədilir, ixrac sahəsində yaranan çətinliklər isə guya Moskvanın tətbiq etdiyi məhdudiyyətlər kimi təqdim olunur.

“Bu, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər deyil. Bu, ənənəvi iqtisadi əlaqələrin qırılması halında Ermənistanı gözləyən reallıqdır”, – deyə Fadeyev vurğulayıb.

Onun sözlərinə görə, Rusiya dəfələrlə Ermənistan rəhbərliyini Avropa İttifaqına yönəlmənin həm üstünlükləri, həm də mənfi tərəfləri barədə cəmiyyətə açıq məlumat verməyə çağırsa da, bu baş verməyib.

Fadeyev həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi özü də bəzi məhsul kateqoriyalarında keyfiyyət problemlərinin mövcudluğunu etiraf edib.

Rusiya XİN nümayəndəsi sonda bildirib ki, İrəvan Moskva ilə xüsusi müttəfiqlik münasibətlərindən imtina edərək Qərb ölkələri ilə imzalanan çoxsaylı bəyannamələri ön plana çıxarır. Lakin onun fikrincə, bu sənədlərin əksəriyyəti hüquqi öhdəlik yaratmır və Rusiya ilə Ermənistan arasında qüvvədə olan ikitərəfli müqavilə və sazişləri əvəz edə bilməz.

Natiq Səlim,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*