Rusiyada büdcəni xilas etmək üçün təcili şəkildə vergilərin artırılması və güzəştlərin ləğvi təklif olunub.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Büdcə və Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Artamonov ölkə büdcəsinin xilas edilməsi məqsədilə təcili tədbirlərin görülməsinə çağırıb. Səbəb kimi neft-qaz gəlirlərinin kəskin azalması və iqtisadi proqnozların pisləşməsi göstərilir.
“İqtisadi göstəricilərlə bağlı qiymətləndirmələr daha bədbin xarakter alıb, xammal gəlirləri isə gözlə görünəcək dərəcədə azalır”, — deyə senator bildirib. Onun sözlərinə görə, dövlət büdcəsinin gəlirlərini artırmaq üçün “bütün resurslardan istifadə olunmalıdır”.
Artamonov hesab edir ki, hazırda federal büdcənin təxminən üçdə birini təşkil edən vergi güzəştlərinin bir hissəsi ləğv edilməlidir. Bundan əlavə, senator ölkədə illik həcmi 10 trilyon rubl olan kölgə iqtisadiyyatına — o cümlədən “zərf maaşlarına” qarşı tədbirlərin gücləndirilməsini təklif edib.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu cür addımlar ilk növbədə orta təbəqəyə və kiçik sahibkarlara əlavə yük gətirəcək, sosial gərginliyi artıracaq və iqtisadi aktivliyi daha da azalda bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az