Ermənistanda ictimai-siyasi hadisələr bir daha göstərir ki, rəsmi İrəvanın siyasi xətti Rusiyanın maraqları ilə üst-üstə düşmür. Avropa İttifaqına inteqrasiya ilə bağlı parlamentin birinci oxunuşda qəbul etdiyi qanun layihəsi Moskvanı əməlli-başlı hövsələdən çıxarıb və bir neçə dəfə Ermənistana xəbərdarlıq da edilib.
KONKRET.az xəbər verir ki, erməni ekspertlər də bu mövzuda tez-tez polemika açır və Rusiyanın nədən incik düşməsinin səbəblərini araşdırır.
Növbəti dəfə erməni jurnalistlər Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışovla söhbət ediblər. Rusiya-Ermənistan münasibətlərində gedən proseslərlə bağlı sualı cavablandıran Çernışov bildirib ki, iki ölkə arasında humanitar və iqtisadi əlaqələr qənaətbəxşdir.
“Biz bunu daha da gücləndirəcəyik və ümid edirik ki, əlaqələr də möhkəmlənəcək”.
Ermənistanın Avropaya inteqrasiya yolunu seçməsinə toxunan deputat, İrəvanın hara kimi gedə biləcəyini maraqla gözlədiyini vurğulayıb.
“Avropaya inteqrasiyanın təcrübəsi göstərir ki, bu, o qədər də uğurlu seçim deyil”,- Çernışov bildirib.
Bununla Rusiya rəsmisi bir daha Ermənistana xəbərdarlıq edib, Gürcüstan və Ukrayna variantlarını dolayısı ilə onların yadına salıb.
Vəli Həsənoğlu,
KONKRET.az