Saatlıq minimum əməkhaqqı sistemi işçilərə nə vəd edir? – VACİB NÜANSLARbackend

Saatlıq minimum əməkhaqqı sistemi işçilərə nə vəd edir? - VACİB NÜANSLAR

Azərbaycanda minimum əməkhaqqının aylıq sistemdən saatlıq minimum əməkhaqqı modelinə keçirilməsi məsələsi son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Təklif hələ qüvvəyə minməsə də, xüsusilə qeyri-standart iş qrafiki ilə çalışan vətəndaşlar arasında müəyyən narahatlıq yaradıb.

Bəs saatlıq minimum əməkhaqqı sistemi işçilərə nə vəd edir? Bu dəyişiklik əmək bazarında hansı yeniliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, minimum əməkhaqqının saatlıq sistemə keçirilməsi bazar iqtisadiyyatının mövcud tələblərinə uyğun addımdır.

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

Onun sözlərinə görə, hazırkı aylıq minimum əməkhaqqı modeli əsasən tam ştatla çalışan işçilər üçün əlverişlidir:

“Amma bazar iqtisadiyyatı şəraitində çoxlu freelance işçilər, qeyri-tam iş günü ilə çalışanlar və fərqli əmək münasibətləri mövcuddur. Bir şəxs 10 saatlıq, digəri isə 30 saatlıq iş müqaviləsi bağlaya bilər. Minimum aylıq əməkhaqqı əsasən daimi ştat işçilərinin əməkhaqqının tənzimlənməsi üçün nəzərdə tutulub. Lakin əmək münasibətlərinin rəngarəng olduğu indiki şəraitdə bu sistem bütün sahələrdə effektiv nəticə vermirdi”.

İqtisadçı qeyd edib ki, minimum əməkhaqqı standartı dövlətin işçi hüquqlarının qorunmasına yönəlmiş iqtisadi mexanizmdir:

“Dövlət deyir ki, işçini işlədirsənsə, ona müəyyən olunmuş minimum həddən aşağı maaş verə bilməzsən. Əmək müfəttişliyi və vergi xidməti də yoxlamalar zamanı buna nəzarət edir.

Minimum əməkhaqqının saatlıq əsasda müəyyənləşdirilməsi xüsusilə tam ştatla çalışmayan şəxslərin hüquqlarının qorunmasına əlavə imkan yaradacaq.

Burada həm işçinin hüquqlarının müdafiəsi, həm də nəzarət imkanlarının genişləndirilməsi məsələsi var. Aylıq əsasda çalışan şəxslər üçün ciddi dəyişiklik olmayacaq. Saatlıq minimum əməkhaqqının tətbiqi minimum maaşın artırılması demək deyil.

Sadəcə, bu, müasir əmək bazarının reallıqlarını əks etdirən praktikadır və Azərbaycanda tətbiqi məqsədəuyğundur”.

İqtisadçı hesab edir ki, bu dəyişiklik vətəndaşlar üçün hər hansı mənfi nəticə yaratmayacaq və hüquq pozuntusuna səbəb olmayacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*