Azərbaycanda minimum aylıq əmək haqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-dən 400 manata qaldırılıb. Həmin vaxtdan bəri inflyasiya, istehlak qiymətlərinin artması və gündəlik xərclərin yüksəlməsi fonunda bu məbləğin yenidən artırılması ilə bağlı gözləntilər daha da artıb. Sosial rifahın yaxşılaşdırılması və aşağı gəlirli vətəndaşların alıcılıq qabiliyyətinin qorunması baxımından minimum əmək haqqının artırılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib.
Bəs yaxın dövrdə minimum aylıq əmək haqqının artırılması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, minimum aylıq əmək haqqının artırılması ilk növbədə dövlətin fiskal imkanlarından, iqtisadi artım tempindən, inflyasiya səviyyəsindən, əmək bazarındakı vəziyyətdən və büdcə xərclərinə təsirindən asılıdır.

Akif Nəsirli
Onun sözlərinə görə, inflyasiya və istehlak qiymətlərinin yüksəlməsi minimum əmək haqqının yenidən nəzərdən keçirilməsini iqtisadi baxımdan əsaslandıran əsas amillərdəndir:
“Minimum əmək haqqının əsas funksiyalarından biri aşağı gəlirli çalışanların alıcılıq qabiliyyətini qorumaqdır. Buna görə də qiymət artımları fonunda bu məsələnin yenidən gündəmə gəlməsi təbiidir.
Minimum əmək haqqının artırılması yalnız sosial deyil, həm də iqtisadi qərardır. Belə dəyişiklik dövlət büdcəsinə təsir göstərməklə yanaşı, özəl sektorun əməkhaqqı xərclərini də artırır. Bu səbəbdən hökumət qərar qəbul edərkən makroiqtisadi sabitliyi, büdcə gəlirlərini, məhsuldarlıq göstəricilərini və biznes mühitinə mümkün təsirləri kompleks şəkildə qiymətləndirir”.
Akif Nəsirlinin fikrincə, mövcud iqtisadi göstəricilər fonunda yaxın dövrdə minimum əmək haqqının yenidən artırılması ehtimalı istisna deyil.
“Son illərdə Azərbaycanda minimum əmək haqqı bir neçə dəfə artırılıb və hökumət sosial müdafiə paketləri çərçivəsində əməkhaqqı və sosial ödənişlərin mərhələli şəkildə artırılması siyasətini davam etdirib. Əgər inflyasiya təzyiqi davam edərsə, büdcə imkanları əlverişli olarsa və iqtisadi artım qorunarsa, minimum əmək haqqının yenidən artırılması real görünür. Bununla belə, artımın konkret məbləği və tətbiq olunacağı tarix yalnız hökumətin rəsmi qərarından sonra məlum olacaq”, – deyə iqtisadçı qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az
