Ev dustalığı davam edən “Güclü Ermənistan”ın lideri Samvel Karapetyan baş nazir Nikol Paşinyanın onu xeyriyyəçiliklə məşğul olmaq imkanından məhrum edəcəyi ilə bağlı xəbərdarlığına münasibət bildirib.
KONKRET.az Ermənistan mediasına istinadla xəbər verir ki, İrəvanda jurnalistlərlə söhbətində Karapetyan baş naziri ələ salaraq qeyd edib ki, Paşinyan hələ doğulmayanda (peşəkar mənada nəzərdə tutulur), hələ “masanın altında ayaqüstə gəzəndə” o, xeyriyyəçiliklə məşğul idi. “Məşğul idim, məşğulam və məşğul olacağam. Çünki bunu Ermənistan, erməni xalqı və bütün ermənilər üçün edirəm. Heç kim məni bu istəkdən məhrum edə bilməz”, – deyə Karapetyan bəyan edib. O əlavə edib ki, ölkə hakimiyyəti mənimsədiyi əmlakı savadlı idarə etmək qabiliyyətindən məhrumdur və “daş üstündə daş qoymayacaqlar”.
Karapetyan vurğulayıb ki, indiki hakimiyyətin dövründə xarici investorlardan heç biri Ermənistana sərmayə qoymayıb.
Müxalifətin konsolidasiyasından danışan Karapetyan bildirib ki, hər həftə əsas qüvvələrin nümayəndələri ilə görüşlər keçirilir. Milyarder görüşdüyü siyasilərin adlarını çəkməyib, yalnız qeyd edib ki, “birinci şəxslər həbsdədir, hələlik həbs olunmayanlarla görüşürük”. Mübarizə yolunu müzakirə etdiklərini dəqiqləşdirən Karapetyan əlavə edib ki, ikinci prezident Robert Köçəryanla görüşməyib, lakin “Ermənistan” blokunun nümayəndələri ilə bir araya gəlib. O, müxalifətin mandatları götürdüyü andan mübarizənin çıxılmaz vəziyyətə düşməsi fikri ilə razılaşmayıb.
Karapetyan bildirib ki, mübarizənin bir hissəsi olmaq üçün parlamentə gediblər. “Qaynar payız”ın gözlənilib-gözlənilmədiyi ilə bağlı suala siyasətçi cavab verib ki, fəsillərlə məhdudlaşmaq istəmir. “Vaxdı gələndə deyəcəyik. Başa düşürəm, hər kes bu hakimiyyətdən bezib, lakin biz hər şeyi qanuni yolla edirik və ölkəni sarsıntılara aparmayacağıq”, – deyə Karapetyan söz verib. O bildirib ki, bu hakimiyyət sökülməsi lazım olan bir mexanizmə bənzəyir. “Onu sökmək çətindir, o, dost olmayan ciddi ölkələr tərəfindən yaradılıb. Ölkəmizi məhvə aparmaq üçün yaradıblar”, – deyə Karapetyan bəyan edib və söhbətin yalnız Azərbaycandan getmədiyini əlavə edib.
S.Karapetyan həmçinin qeyd edib: “Səslərimizi oğurladılar. Gözləyin, resurs var”.
Rusiya Federasiyasının məhdudiyyətlərinə gəlincə, Karapetyan hesab edir ki, bunlar Paşinyanın xeyrinədir. Onun sözlərinə görə, əhali üçün nə qədər pis olarsa, onları idarə etmək bir o qədər asan olar. O güman edir ki, Paşinyan Rusiya Prezidenti ilə istənilən vaxt danışa bilər. “Niyə həll etmir? Qoy xalq qiymətləndirsin”, – deyə o bildirib və əlavə edib ki, özü baş nazir olsaydı, bunu mütləq həll edərdi, lakin ev həbsində olan müxalifət lideri kimi bunu edə bilməz.\\musavat.com
