Bakıda 5 nömrəli marşrut avtobusunda mübahisəyə səbəb sərnişinlərdən birinin sürücüdən kondisionerin yandırılmasını istəməsi, sürücünün isə bundan imtina etməsi olub.
KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə şikayətçi Emin Babayev bildirib.
Onun sözlərinə görə, avtobus Təbriz küçəsinə dönərkən sürücü nəqliyyat vasitəsini saxlayıb və hərəkəti davam etdirməyəcəyini bildirib. Digər sərnişinlər etiraz etsələr də, sürücü qərarını dəyişməyib.
Nəticədə sərnişinlər yolda qalıblar. E.Babayev əlavə edib ki, o, iş yerinə çatmaq üçün təxminən 400 metr piyada getməli olub.
“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, insidentlə bağlı aparılan araşdırma zamanı sürücünün xidməti vəzifələrinin icrası zamanı pozuntuya yol verdiyi müəyyən edilib, ondan izahat alınıb və Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq intizam tədbiri görülüb.
Qeyd edək ki, sözügedən sürücü tiktokerlik edirdi. O, sürücülük fəaliyyəti və iş prosesi zamanı baş verən hadisələrlə bağlı yumoristik videolar çəkirdi.
