Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Pənah İsayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Pənah İsayev ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub.
İttihama görə, Pənah İsayev epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkdiyi üçün hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb.
Cinayət işinin materiallarına əsasən, təqsirləndirilən şəxs tanışı və qardaşı ilə əvvəlcədən əlbir olaraq Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evini hədəf seçib.
Belə ki, 2025-ci ilin iyun ayında gecə saat 02 radələrində onlar hasarı aşaraq evin həyətinə qanunsuz daxil olublar. Daha sonra həyətdə yerləşən tövlənin və saxlanc yerinin qapısını açaraq oradan 72 baş altı aylıq erkək quzu, 4 baş iki yaşlı erkək qoç, 78 baş üç yaşlı dişi qoyun oğurlayıblar.
Beləliklə, ümumi dəyəri 70 24 manat olan 154 baş xırdabuynuzlu heyvan aparılıb. İstintaq hesab edir ki, bununla zərərçəkmişə külli miqdarda maddi ziyan vurulub.
Təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub.
Pənah İsayev bildirib ki, rəsmi iş yeri olmayıb və fərdi əməklə dolanıb.
İfadəsinə görə, hadisə günü qardaşı və tanışı ilə birlikdə kənddə oturaraq spirtli içki qəbul ediblər. Həmin vaxt tanışı onlara birlikdə oğurluq etməyi təklif edib. Qardaşı əvvəlcə bu təklifdən imtina edərək oradan uzaqlaşıb. Lakin sonradan onların yanına qayıdıb.
Daha sonra taksi ilə Samux rayonunun Qarayeri qəsəbəsinə gedərək əvvəlcədən seçdikləri evdən heyvan oğurlamağa qərar veriblər.
Təqsirləndirilən şəxs deyib ki, əvvəlcə hasardan aşaraq həyətə daxil olub, sonra həyətin qapısını içəridən açıb və tanışının da həyətə keçməsinə şərait yaradıb.
Pənah İsayevin sözlərinə görə, əvvəlcə həyətdəki xalxalın, daha sonra isə tövlənin qapısını açaraq bütün heyvanları çölə çıxarıblar. Daha sonra üç nəfər heyvanları qabaqlarına qataraq kanalboyu yol ilə Göygöl istiqamətində aparmağa başlayıblar. Yolda körpüdən keçərkən heyvanlar irəliləmək istəməyib. Bu zaman Pənahın qardaşı oğurlanmış heyvanların geri qaytarılmasını təklif edib. Bu səbəbdən tanışı ilə qardaşı arasında mübahisə yaranıb. Ardınca qardaşı əsəbiləşərək onları tərk edib.
Təqsirləndirilən şəxs isə tanışı ilə birlikdə heyvanları başqa istiqamətdən apararaq Göygöl rayonunun Balçılı kəndinə çatdırıb və onları tanışının qohumunun həyətinə yerləşdiriblər. Ertəsi gün ayıldıqdan sonra etdiyi əmələ görə peşman olub və tanışına zəng edərək heyvanların taleyi ilə maraqlanıb.İfadəsində oğurluğu sərxoş vəziyyətdə törətdiyini də qeyd edib.
Məhkəmədə qanuni nümayəndə qismində dindirilən təqsirləndirilən şəxsin atası bildirib ki, oğlu hərbi xidmətdən qayıtdıqdan sonra ciddi psixi problemlər yaşamağa başlayıb.
Onun sözlərinə görə, əvvəllər belə xəstəliyi olmayıb və ailədə oxşar xəstəlik babasında da müşahidə edilib.
Ata oğlunun oğurluq hadisəsində iştirak etdiyinə inanmadığını da məhkəmədə bildirib.
Zərərçəkmiş məhkəmədə ifadəsində bildirib ki, hadisə gecə baş verdiyindən oğurluğun necə törədildiyini görməyib. Onun sözlərinə görə, ümumilikdə 154 baş xırdabuynuzlu heyvan oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanların 130 başı tapılaraq geri qaytarılıb.
Zərərçəkmiş bildirib ki, təxminən 12 min manat məbləğində ziyan hələ də ödənilməyib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxsin atası dəymiş zərəri ödəmək və şikayətin geri götürülməsini xahiş etsə də, tərəflər arasında bu günədək razılıq əldə olunmayıb.
