Sibirin Tyumen vilayətinin Tobolsk rayonu ərazisində yerləşən “İsker” tarix-memorial kompleksində xan Küçümün həyat yoldaşlarından biri – Suzge-xanıma abidə ucaldılması planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat kompleksin rəsmi “VKontakte” səhifəsində dərc olunub. Bildirilir ki, təşəbbüs Tyumen vilayəti üzrə “İrs” təşkilatının regional şöbəsinin sədri Luiza Şamsutdinovaya məxsusdur. Layihə bölgənin millətlər üzrə komitəsi ilə razılaşdırılmayıb.
Qeyd edək ki, Luiza Şamsutdinova 2020-ci ildə Tobolskda Yermakın dəstəsinin xatirəsinə qoyulan xaç abidəsini də tənqid etmişdi.
Əfsanələrə görə, Suzge-xanım Sibirə rusların irəliləməsinə qarşı çıxan fiqurlardan biri olub. Onun həyat yoldaşı, Buxara mənşəli Şeybanilər sülaləsindən olan xan Küçüm, Moskvanın dəstəklədiyi və Rusiya təbəəliyini qəbul etmiş Taybuqilər nəslindən olan xan Edigeri devirmişdi.
Natiq Səlim,
KONKRET.az