Şiddətli hücum: Yaşayış məhəlləsi raketlə vuruldu, xilasedicilər də hədəfə alındıbackend

Şiddətli hücum: Yaşayış məhəlləsi raketlə vuruldu, xilasedicilər də hədəfə alındı

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə raket zərbəsi endirib. Hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şevçenkovo Hərbi Administrasiyasının rəhbəri Sergey Starikov məlumat verib.

Onun sözlərinə görə, Kupyansk rayonunun Şevçenkovo qəsəbəsində sıx məskunlaşmış, ikimərtəbəli yaşayış binalarının yerləşdiyi məhəllə kaset tipli reaktiv yaylım atəşi sistemi (RSZA) raketləri ilə vurulub.

Bundan əlavə, bazar ertəsi axşam saatlarında Sumı şəhəri də pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorovun sözlərinə görə, zərbə nəticəsində yaşayış binası və ticarət mərkəzi zədələnib, 2 böyük və 4 uşaq yaralanıb. Yaralılar arasında 8 yaşlı oğlan və 16 yaşlı qızın vəziyyətinin ağır olmadığı bildirilib.
Qriqorov dağıntıların genişmiqyaslı olduğunu qeyd edib. O, həmçinin bildirib ki, əraziyə gələn xilasedicilər təkrar PUA hücumları səbəbindən işlərini çətin şəraitdə davam etdirirlər.

Ukrayna Fövqəladə Hallar Xidməti isə bildirib ki, bundan əvvəl Sumıda doqquzmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində də 6 nəfər, o cümlədən 4 uşaq xəsarət alıb. Xilasedicilərin hadisə yerinə çatmasından sonra ticarət mərkəzinə yenidən zərbə endirildiyi, nəticədə bir xidməti avtomobilin zədələndiyi, digərinin isə tam məhv olduğu açıqlanıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə saatlarında ölkə ərazisinə 58 pilotsuz uçuş aparatı buraxıb. Onlardan 46-sının vurulduğu və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirildiyi, 8 PUA-nın isə 7 müxtəlif ərazidə hədəfə çatdığı bildirilib. Ukrayna tərəfi hücumların davam etdiyini qeyd edib.

Rusiya Müdafiə Nazirliyi isə Xarkov və Sumı vilayətlərinə endirilən zərbələrlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*