Bəşər və Mahir Əsəd, eləcə də bir neçə suriyalı hərbi lider Rusiyanı tərk etmək üçün rəsmi müraciət ediblər. Bu barədə “RussiaNews” Telegram kanalı məlumat yayıb. Maraqlıdır, onlar Rusiyanı tərk etsələr hansı ölkəyə gedə bilərlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, məlumat Rusiyanın bəzi Telegram kanallarında və media qurumlarında dövriyyəyə buraxılıb.
Onun sözlərinə görə, Bəşər Əsədin Rusiyada qaldığı məlum olsa da, Mahir Əsəd barədə ziddiyyətli xəbərlər var. Lakin çox böyük ehtimalla o da Rusiyadadır.
Zeynal Əmrəliyev qeyd edib ki, Bəşər və Mahir Əsəd arasında ciddi problemlərin olduğu barədə informasiyalar mövcuddur.
“İddialara görə, Mahir Əsəd qardaşını hakimiyyətdən əl çəkməyə məcbur edib və özü hakimiyyəti daha sərt şəkildə idarə etmək istəyib.
Onların Rusiyanı tərk etmək istəyi hazırda Moskva və Dəməşq arasında gedən danışıqlarla əlaqədardır. Çünki Rusiyada hakimiyyət dəyişikliyi məsələsi gündəmdədir və bu da Əsəd ailəsində narahatlıq yaradıb. Onlar ehtiyat edirlər ki, Rusiyada yeni gələn komanda tərəfindən Suriyanın mövcud hakimiyyətinə təhvil verilə bilərlər”.
Əmrəliyev bildirib ki, Əsəd ailəsinin gedə biləcəyi bir neçə ölkənin adı hallanır.
“Bunlar arasında Belarus, Çin, Misir və Birləşmiş Ərəb Əmirlikləri var. Xüsusilə, Dubay müxtəlif devrilmiş liderlər üçün sığınacaq məkanı kimi tanınır.
Bəşər Əsədin Rusiyanı tərk etməsi onun istəyindən asılı deyil və bu, yalnız Rusiya hakimiyyətinin razılığı ilə mümkün ola bilər. Hazırda isə Rusiyanın bu barədə qərar verdiyi barədə məlumat yoxdur”.
Müşviq Tofiqoğlu
KONKRETaz