“Son illərdə dünyada mühacir axını yenidən diqqət mərkəzinə çevrilib. İnsanların öz ölkələrini könüllü və ya məcburi şəkildə tərk etməsinin başlıca səbəbləri isə dəyişməz olaraq qalır. Əsasən iki amil, ağır sosial-iqtisadi vəziyyət və avtoritar rejimlərin mövcudluğu insanların doğma yurdlarını tərk etməsinə səbəb olur”.
Bu fikirləri KONKRET.az-a politoloq Taleh Əliyev şərh edib:
“Xüsusilə, Afrika və Uzaq Şərqin bəzi regionlarında əhalinin alıcılıq qabiliyyətinin son dərəcə aşağı olması, işsizlik və yoxsulluq səbəbindən insanlar daha yaxşı həyat axtarışı ilə ölkələrini tərk edirlər. Eyni zamanda, diktator rejimlərin hökm sürdüyü dövlətlərdə siyasi təqib və azadlıqların məhdudlaşdırılması da əhalini miqrasiyaya vadar edir.
Ən çox mühacir qəbul edən ölkələr sırasında ABŞ, Kanada və Avropa dövlətləri yer alır. Bu ölkələrdə yüksək yaşam standartları və siyasi hüquqların təmin olunması, onları mühacirlər üçün cəlbedici məkana çevirib. Lakin son illərdə bu ölkələrdə də miqrasiya siyasətində sərtləşmə müşahidə olunur. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra mühacirlərə qarşı sərt tədbirlərin görülməsi, Avropa İttifaqı ölkələrində isə qeyri-qanuni miqrantlara qarşı məhdudlaşdırıcı siyasətin güclənməsi bu tendensiyanın göstəricisidir”.
Politoloq qeyd edib ki, keçmiş sovet respublikalarında mühacirət dinamikası fərqli mənzərə ortaya qoyur.
“Burada mühacirlər əsasən iki qrupa bölünür. Bir qrup imkanlı şəxslərdən ibarətdir. Onlar xaricə çıxaraq investisiya yatırımı yolu ilə yeni ölkələrdə məskunlaşmağa çalışırlar. Digər qrup isə siyasi basqılarla üzləşən, iqtidarla fikir ayrılığı yaşayan şəxslərdir”.
Aynurə İsmayıl
KONKRET.az