Media Azərbaycanda kiber təhdidlərin birbaşa hədəfindədir.
KONKRET.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Texnologiyaları və informasiya təhlükəsizliyinin idarəolunması şöbəsinin müdiri İlkin Əzizov təmsil etdiyi qurumun Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzİntTelekom” MMC ilə birgə təşkil etdiyi “Media subyektləri üçün kibertəhlükəsizlik” mövzusunda seminar və təlimdə bildirib.
“Media subyektləri birbaşa informasiya məkanında, informasiyanı qarşı tərəfə çatdırmaqla böyük bir təhdidlə üz-üzədir. Burada informasiyanın tamlığının pozulması üzrə kiber təhdidlər dayanmadan gündəlik baş verir. Bldiyiniz kimi, bir neçə ay öncə Azərbaycanda bu cür hal qeydə alındı. Bu, bütün dünyada izlənilən bir haldır və getdikcə bu proses güclənəcək. Çünki biz rəqəmsallaşırıq və bu proses özü ilə bərabər kiber təhdidlər gətirir”,-deyə o qeyd edib.
Bundan başqa, şöbə müdiri deyib ki, Azərbaycanda kiber təhdidlərə qarşı mütəmadi olaraq fəaliyyət həyata keçirilir: “Bildiyiniz kimi, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” mövcuddur. Bu istiqamətdə Azərbaycanda bütün dövlət orqanlarına informasiya təhlükəsizliyi üzrə tapışırıqlar ötürülür. Digər tərəfdən rəqəmsal inkişaf konsepsiyasına uyğun olaraq özəl sektorun, dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə diaqnostikası aparılır, zəifliklərin müəyyən olunması onların aradan qaldırılması istiqamətində fəaliyyət həyata keçirilir”.