Smartfonla hər anı foto və video çəkərək yadda saxlamağa çalışsaq da, bu vərdiş əksinə, xatirələrimizin zəifləməsinə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, ABŞ-nin Binqhemton Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmalar zamanı insanların diqqətini daim telefonla çəkilişə yönəltməsinin yaddaşa və yaşanan hadisədən alınan emosional təəssürata təsiri araşdırılıb.
Təcrübələr zamanı iştirakçılardan incəsənət əsərlərinin fotolarını çəkmək və ya mühazirələrin ekran görüntüsünü almaq istənilib. Daha sonra onların gördüklərini nə dərəcədə xatırladıqları yoxlanılıb.
Nəticələr göstərib ki, çəkiliş prosesinin özü diqqəti hadisədən yayındırır. İnsan ətrafdakı səslərə, atmosferə və emosiyalara daha az diqqət yetirir. Bununla yanaşı, beyin məlumatın telefonda saxlanıldığını düşündüyü üçün onu yaddaşa köçürmək üçün daha az səy göstərir.
Bu vəziyyət “rəqəmsal amneziya” və ya fotoçəkiliş zamanı yaddaşın zəifləməsi effekti kimi tanınır.
Mütəxəssislər mühüm məlumatları əl ilə qeyd etməyi, gün ərzində yaşananları yazmağı və təəssüratları yaxınlarla müzakirə etməyi tövsiyə edirlər. Bu üsullar beynin məlumatı daha aktiv şəkildə emal etməsinə və yadda saxlamasına kömək edir.
Alimlər həmçinin hadisələri davamlı şəkildə çəkmək əvəzinə, yalnız vacib məqamların foto və videosunu çəkməyi məsləhət görürlər.
Başqa sözlə, ən dəyərli xatirələr telefonun qalereyasında deyil, insanın öz yaddaşında formalaşır.
Günay Əli
KONKRET.az
