Sosial şəbəkələrdə “diplom” dövrü başlayır? – ŞOK açıqlamabackend

Sosial şəbəkələrdə "diplom" dövrü başlayır? – ŞOK açıqlama

Son illər sosial şəbəkələrdə özünü həkim, hüquqşünas, maliyyə məsləhətçisi və ya təhsil eksperti kimi təqdim edən şəxslərin sayı sürətlə artır. Lakin bu şəxslərin hamısının həqiqətən həmin sahələr üzrə peşəkar hazırlığa və ya rəsmi ixtisasa malik olub-olmaması ciddi suallar doğurur.

Məhz bu səbəbdən deputat Kamal Cəfərov Çin təcrübəsinə istinad edərək sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və təhsil sahələrində çıxış edən şəxslərin rəsmi diplom və ya lisenziyaya malik olmasının vacibliyini gündəmə gətirib.

Bəs bu təklif yaxın gələcəkdə Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Azər Həsrət belə bir yanaşmanın məqsədəuyğun olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda sosial şəbəkələrdə özünü müxtəlif sahələrin mütəxəssisi kimi təqdim edən, lakin bununla bağlı heç bir peşəkar hazırlığı olmayan şəxslərin sayı kifayət qədər çoxdur: “Bu təklif yerinə düşür. Hərə özünə bir ad qoyur, “YouTube”, “TikTok” kimi platformalarda insanlara ağıl öyrətməyə, yol göstərməyə başlayır. Çox vaxt onların paylaşdığı məlumatlar yanlış, hətta zərərli olur. Ona görə də bu sahədə ciddi tədbirlər görülməlidir. Məsələn, kimsə psixologiya sahəsində maarifləndirici kanal açmaq istəyirsə, ilk növbədə bu sahədə aldığı təhsili nümayiş etdirməlidir. Kanalın təqdimat hissəsində diplomunu və ya müvafiq sənədini yerləşdirməlidir ki, insanlar da onun həqiqətən həmin sahənin mütəxəssisi olduğunu bilsinlər. Bu gün qısamüddətli kurs keçib özünü psixoloq kimi təqdim edənlər var. Bu yalnız psixologiyaya aid deyil, müxtəlif sahələrdə eyni vəziyyət müşahidə olunur”.

Onun fikrincə, sosial media üzərindən peşəkar məsləhətlər verən şəxslərin ixtisaslarını təsdiqləyən sənədləri açıq şəkildə nümayiş etdirməsi həm istifadəçilərin düzgün məlumat əldə etməsinə, həm də dezinformasiyanın qarşısının alınmasına şərait yaradar.

Ekspert hesab edir ki, belə bir mexanizmin tətbiqi sosial şəbəkələrdə yayılan qeyri-peşəkar və zərərli məzmunun azalmasına, eyni zamanda cəmiyyətin daha etibarlı informasiya mənbələrinə yönəlməsinə töhfə verəcək.

Aynurə İsmayıl,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*