2002-ci ildə Conun ölümündən sonra Qambino klanının lideri yerini tutan böyük qardaşı qanqster Peter Artur Qotti Şimali Karolinadakl Butner Federal Həbsxanasında keçinib.
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, onun 81 yaşı var idi.
Onun qardaşı Con Qotti daha məşhur idi. O, mətbuat tərəfindən xüsusilə sevilirdi. Nyu-York hüquq-mühafizə orqanlarının çoxsaylı ittihamlarında yaxa qurtaran Qotti qardaşları uzun müddət cəzadan yayına bilmişdilər.
Con Amerikada “Zərif Don” ləqəbi ilə tanınırdı. O bahalı qalstuku, dəbli və şık kostyumları ilə diqqəti cəlb etməyi xoşlayırdı.
Peter isə Amerikada “Ən küt Don” ləqəbi ilə məşhur idi. Peter atasının yolunu davam etdirirdi. O, 2003-cü ildə mühakimə olundu və 17 ilini dəmir barmaqlıqlar arxasında keçirdi. Sərbəst buraxılmasına isə hələ səkkiz ili qalırdı. Batner şəhərindəki Federal Tibb Mərkəzinin palatasında müalicə alan qanqster azadlığa can atırdı. Həkimlərin sözlərinə görə, mafioz qocalıqdan dünyasını dəyişib.
Qeyd edək ki, Peterin təmsil olunduğu Qambino klanının əsası 1902-ci ildə qurulub. Nyu-Yorkda mütəşəkkil cinayətkarlığa nəzarət edən İtalyan-Amerikan mafiyasının beş ən böyük və nüfuzlu klanından biri olub. Bu klan reket, qəsb, sələmçilik, avtomobil oğurluğu, soyğunçuluq və sifarişli qətllərlə də məşğul olub.
Natiq Səlim,
KONKRET.az
