Stalin niyə SSRİ-nin ən yaxşı yəhudilərini məhv etdi? – ƏTRAFLI – FOTObackend

Stalin niyə SSRİ-nin ən yaxşı yəhudilərini məhv etdi? - ƏTRAFLI - FOTO

Yəhudi Antifaşist Komitəsi (YAK) “NKVD”-nin unikal layihələrindən biri idi. Onun yaradılması ideyası 1941-ci ilin taleyüklü yayında Lubyanka dəhlizlərində yarandı. Sovet təbliğatçılarının yəhudilərə qarşı xüsusi rəğbəti olmasa da, belə bir təşkilatın yaradılması xüsusi məqsədə xidmət edirdi. Belə ki, 1941-ci ilin yayında Sovet İttifaqının vaxtilə strateji tərəfdaş olmuş və sonradan düşmənə çevrilən Adolf Hitlerə qarşı ideoloji hücum təşkil etmək çox vacib idi.

Məlumdur ki, fürer ideologiyasının təməl daşı yəhudilərə nifrət idi. Ona görə də bütün dünyada yəhudilərin maraqlarını təmsil edən bir ictimai təşkilat kimi Yəhudi Antifaşist Komitəsi SSRİ-də uğurla qeydiyyatdan keçdi.

Beləliklə, 1941-ci ilin avqustunda Yəhudi Xalqının Konqresi keçirildi. Konqresdə Sovet İttifaqının xalq artisti, Stalin mükafatı laureatı Solomon Mikoels, ən yaxşı uşaq yazıçısı və şairi Samuil Marşak, rejissor Sergey Eyzenşteyn, eləcə də İlya Erenburq, Aleksandr Tairov və David Oistrax kimi məşhur yəhudilər iştirak edirdi.

Tribunadan eşidilən qızğın nitqlərdə deyilirdi ki, faşizmlə mübarizədə Sovet dövlətinə məhz yəhudilər kömək etmək iqtidarında olan xalqdır. İnsanlarda belə bir təəssürat yaranırdı ki, İosif Vissarionoviç və onun ortağı Adolf Hitler heç vaxt təsir dairələrinin yenidən bölüşdürülməsində iştirak etməyiblər və 1939-cu ilin payızının əvvəlində, alman qoşunları Polşaya hücum edəndə sovet qəzetləri “Polşanın uğursuzluğu haqqında” təxribat xarakterli qeydlər yazmayıblar”.

Bu qurultayda dünya yəhudilərinə edilən müraciətlər beynəlxalq aləmdə geniş rezonans doğurdu. İş o yerə çatdı ki, ABŞ-da faşizmlə mübarizədə Sovet İttifaqına yardım edən təşkilata əfsanəvi fizik Albert Eynşteyn rəhbərlik etməyə başladı. Amma sonradan məlum olacaqdı ki, Sovet İttifaqı təkcə “yəhudi qardaşları” formalaşdırmayıb, həm də Yəhudi Antifaşist Komitəsini qazanc mənbəyinə çevirib.

Belə ki, Sovet İttifaqında yaradılan bu quruma dünyanın müxtəlif yerlərindən, o cümlədən Fələstindən böyük pullar axmağa başladı. 1942-ci ilin aprelində sovet qəzetləri SSRİ-də Yəhudi Antifaşist Komitəsinin yaradıldığını elan edərək, elm adamlarının (Frumkin, Ştern, Kapitsa) kimi yəhudi mənşəli mədəniyyət və incəsənət adamlarının siyahısını təqdim etdi. Ümumilikdə həmin siyahıda 47 ad var idi.

Burada təkcə yaradıcı və elmi ziyalılar deyil, həm də sovet yəhudi generalları – Aron Katz və Yakov Kreyzerin adına da rast gəlinirdi. Hətta Sovet İnformasiya Bürosunun rəhbəri Solomon Lozovski də tanınmış adlardan sayılırdı.

Təşkilat SSRİ-nin bütün dünyada nüfuzunu gücləndirməklə məşğul idi və Qırmızı Orduya yaxşı gəlir gətirirdi. Elə təkcə ABŞ-dan ölkəyə 16 milyon dollar göndərilmişdi. Britaniya və Kanada isə təşkilata cəmi bir milyon dollar toplamışdı.

Komitənin bir sıra yəhudiləri sayəsində dünya yəhudiləri Sovet İttifaqına tibbi avadanlıqlar, texnika, maşın və paltar yardımı edirdirlər. Lakin sonradan antifaşist komitənin artan nüfuzunu dərk edən üzvlər təhlükəsizlik hissini itirdilər və yəhudi muxtariyyətinin yaradılmasından danışmağa başladılar.

Komitənin tanınmış üzvlərindən yazıçılar İlya Erenburq və Vasili Qrossman nasistlərin yəhudi xalqına qarşı cinayətlərindən bəhs edən məşhur “Qara kitab”ı yazmaqla diqqəti yəhudilərin Sovetlər ölkəsində çətin taleyinə də yönəltdilər.

Kitabda yəhudilərə özlərindən qürurla danışmağa icazə verilən zamanın bitdiyinə şəffaf şəkildə eyham vurulurdu. Bu, YAK-ın bəzi üzvlərinin SSRİ-də sovet yəhudilərinə qarşı ayrı-seçkilikdən danışmasına əsas verdi.

Bu. faciəli səhv idi. Dövlət təhlükəsizliyi naziri Viktor Abakumov incimiş yəhudilərin zərərsiz söhbətləri üzərində konspirasiya nəzəriyyəsi qurdu. Və belə bir qənaət hasil oldu ki, sionistlər ölkədə dövlət çevrilişi hazırlayırlar.

Nəticədə Lozovski Sovet İnformasiya Bürosunun rəhbəri vəzifəsindən kənarlaşdırıldı. Mikoelslə məşğul olmaq lazım idi. Ona qarşı isə tərslikdən heç bir əsaslı iddia yox idi.

Amma “NKVD” sistemi öz “işi”ni yaxşı bacarırdı. Asanlıqla Lozovskinin yaxın çevrəsindən olan şəxslərə hədə-qorxu ilə ona qarşı  lazımi ifadələr alındı. 1947-ci il dekabrın 27-də, axşam saatlarında Stalin Abakumovu və onun birinci müavini Oqoltsovu yanına çağırdı. Abakumov satqın Mikoelsin Qərbdə Sovet liderinin qüsursuz imicini necə ləkələməyə çalışdığı barədə liderə həvəslə ətraflı məlumatlar verdi. Cavabında isə İosif Vissarionoviç xalq artistinin öldürülməsini əmr etdi.

Beləliklə, Mikoelsin məhv planı işə düşdü. “NKVD” gürcü Lavrenti Tsanavanın başçılıq etdiyi Belarus DTK-sından istifadə edərək onu Minskdə məhv etmək qərarına gəldi. Yeni 1948-ci ilin ikinci günündə Solomon Mixayloviçə səyahət vəsiqəsi verildi. O, Belarus operasının və Kupala Teatrının yeni əsərlərinin nümayişinə dəvət edilmişdi.

Solomon Mixayloviçin öldürülməsi üçün hazırlanan planın icrası Qolubov adlı casusa tapşırıldı. Tamaşaları izlədikdən sonra Mikoels evə getməyə hazırlaşırdı, lakin qəfildən onu heç vaxt mövcud olmayan mühəndis Sergeyevin “toyuna” çağırdılar. Toy əvəzinə aktyoru Tsanavanın daçasına apararaq ona xeyli araq içdirdilər. Səhərisi gün hər kəs yəhudi ziyalısının Minskdə, otel yaxınlığında düşdüyü faciəli qəzadan danışırdı.

Mikoelsə dəbdəbəli dəfn mərasimi verildi. Onun qatilləri isə yaxşı bir işə görə döyüş mükafatlarına layiq görüldülər.

Solomon Mixayloviçi rəsmən vurmaq mümkün deyildi. Birincisi, o, sovet yəhudisi deyil, beynəlxalq yəhudi idi. İkincisi, 1947-ci ildən 1950-ci ilə qədər İttifaqda ölüm hökmü sadəcə olaraq yox idi.

Komitənin digər üzvləri ilə məşğul olmaq lazım idi. Bu iş izi itirmək üçün müəyyən müddətə təxirə salındı. Axı dünya xəritəsində İsrail peyda olmuşdu və Sovet İttifaqı yeni strateji tərəfdaşlardan biri kimi necə olursa-olsun yeni ölkə qazanmalı, onu öz təsir dairəsinə çevirməyi planlaşdırırdı.

O aralarda İsrailin Sovet İttifaqındakı ilk səfiri Qolda Meirin səfəri partiya rəhbərliyini çox qorxutmuşdu. Təşkilatdan olan yəhudilər ilk dogma dövlətin yaranması ilə bağlı coşğulu hisslərini gizlətmədən, ali diplomatı möhtəşəm qəbul etmişdilər.

İsrailə simpatiyaya görə məhkum edilən YAK tez bir zamanda antisovet təbliğatı mərkəzinə çevrildi. Və proses uzandığına görə qurum birdəfəlik dağıldı. Solomon Lozovski həbs olundu. Şair İtzik Fefer, aktyor və rejissor Leonid Zuskin repressiyaya məruz qaldılar. Şairlər Perets Markiş, David Gofshtein, Lev Kvitko qazamata göndərildi. Həbs olunmazdan əvvəl Markiş deyirdi ki, Adolf Hitler yəhudiləri fiziki cəhətdən məhv etmək istəyir, Stalin isə bunu mənəvi cəhətdən etməyə çalışır. O yanılmamışdı. Yəhudi Antifaşist Komitəsinin bütün üzvləri bir-bir ya aradan götürüldü, ya da nüfuzdan salınaraq gözdən salındı.

Kütləvi qətllər qanuniləşdirildi. Üçü qadın olmaqla 15 nəfərin məhkəməsi illərlə yorucu sorğu-suallarla davam etdi. Dövlət çevrilişinin hazırlanması, xəyanət etirafı almaq uzun çəkdi. SSRİ haqqında xaricdə qastrol səfərlərdə olarkən mühazirələr deyən, Qərbin pul kisələrindən milyonlarla dollar çıxaran bu adamları güllələmək üçün bütün sistem dəridən-qabıqdan çıxdı.

  • Lakin görkəmli yəhudilər NKVD-də sorğu-suallarla qırılmadı. Məhkəmədə onlar işgəncə altında olduqlarını ucadan danışırdılar. Təşkilat üzvləri ləyaqətlə dünya ictimaiyyətinə müraciət edərək onların azadlığa buraxılmasını tələb edirdilər. Bütün bunlar sözün əsl mənasında qondarma məhkəmə prosesinin iştirakçıları üçün bir şok idi.

Sonradan işə Ali Məhkəmənin Hərbi Kollegiyasında baxıldı. Hakim Aleksandr Aleksandroviç Çeptsov yəhudilərin günahsız olduğunu görürdü. O, bu barədə Georgi Malenkova məruzə edərkən belə bir cavab almışdı: “Yaxşı, Aleksandr Aleksandroviç, belə çıxır ki, siz Siyasi Büronun qərarına etiraz etmək istəyirsiniz?”

Hakim anlamışdı ki, Georgi Maksimilianoviç bu sualla ona yaxşı heç nə vəd etmir.

Çeptsov təcili olaraq onların demək olar ki, hamısını ölüm cəzasına məhkum etdi. Sovet İttifaqının dövlət nəzarəti nazirinin keçmiş müavini Solomon Breqman Butırkanın tibb bölməsində öldürüldü. Artıq 78 yaşı olan Lina Şternə 3,5 il həbs cəzası verildi. Bundan əlavə, yaşlı bir qadına Moskvada yaşamaq qadağan edilərək 5 il müddətinə deportasiya edildi. Ancaq 1953-cü ildə, Stalin öləndə ona Moskvaya qayıtmağa icazə verildi. Lina Ştern paytaxtda daha 15 il yaşadı və 1968-ci ildə dünyasını dəyişdi.

YAK-ın qalan üzvləri, müharibə illərində Sovet İttifaqı qarşısında əvəzsiz xidmətlər göstərmiş əsl vətənpərvərlər 1952-ci il avqustun 12-nə keçən gecə məhv edildi.

İllər keçdikdən sonra Yəhudi Antifaşist Komitəsinin üzvlərinin qətli Stalinin göstərişi ilə qanuniləşdirilmiş siyasi sifariş kimi sübut olundu.

Çox təəssüflər olsun ki, hələ də bu gün faşizmlə stalinizm arasında heç bir fərq qoyulmur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*