Rusiyanın Xabarovsk diyarında, Knyaze-Volkonskoye-1 kəndində yerləşən hərbi qarnizon ərazisində partlayış baş verdiyi bildirilir.
KONKRET.az xəbər verir ki, məlumata görə, hadisə yaşayış binasının girişində yerləşən poçt qutusuna yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində qeydə alınıb.
Partlayış zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı iddia olunur.
Yayılan xəbərlərdə qeyd edilir ki, hücumun hədəfi kimi Rusiya ordusunun general-mayoru Azatbek Omurbekov göstərilir.
Onun vəziyyəti ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
Eyni zamanda, insident zamanı hərbi rabitə təlim batalyonunun komandiri, polkovnik-leytenant Kuzmenkonun həlak olduğu barədə məlumatlar yayılıb.
Məlumata görə, Omurbekov 2023-cü ildən Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsinə tabe olan 392-ci dairəvi təlim mərkəzinə rəhbərlik edir. O, 2022-ci ildə Ukraynanın Buça şəhərində baş verən hadisələrlə bağlı beynəlxalq səviyyədə sanksiyalara məruz qalıb.
Hadisə ilə bağlı Rusiya tərəfinin rəsmi açıqlaması gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az

