Süni intellekt üçün yaradılan nəhəng məlumat mərkəzləri ətraf ərazilərdə yaşayan insanlar üçün yeni risklər yarada bilər. Səs-küy, dizel generatorlarının tullantıları və elektrik şəbəkəsinə artan yük bu obyektlərlə bağlı əsas narahatlıqlar sırasındadır.
KONKRET.az xəbər verir ki, bu barədə “Futurism” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Dryu Millerin hazırladığı “Collapse Survival Institute” hesabatında süni intellektin nəzarətdən çıxması ilə bağlı mümkün ssenarilər də yer alıb.
Miller hesab edir ki, gələcəkdə nəzarətdən çıxmış süni intellekt enerji təminatını qorumağa çalışarsa, məlumat mərkəzləri və onları enerji ilə təmin edən infrastruktur potensial münaqişə nöqtələrinə çevrilə bilər. Bu ssenaridə həmin obyektlərin yaxınlığında yaşayan insanların da risklə üzləşə biləcəyi iddia olunur.
Hesabatda yeni süni intellekt məlumat mərkəzlərinin tikintisinə müvəqqəti moratorium qoyulması, fövqəladə söndürmə sistemlərinin tətbiqi və qabaqcıl süni intellekt laboratoriyalarının fəaliyyətində şəffaflığın artırılması təklif edilir.
Bununla belə, hesabatda səsləndirilən mümkün fəlakət ssenariləri elmi ictimaiyyət tərəfindən təsdiqlənmiş faktlar kimi qəbul edilməməlidir. Nəşr qeyd edir ki, süni intellektin nəzarətdən çıxması ilə bağlı proqnozlar mübahisəlidir.
Digər tərəfdən, məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı, səs-küy və ətraf mühitə təsiri real müzakirə mövzularıdır. Bu problemlərin azaldılması üçün infrastrukturun planlaşdırılması və müvafiq nəzarət mexanizmlərinin tətbiqi vacib sayılır.
Günay Əli
KONKRET.az
