Bakıda taksi xidmətlərindən istifadə edən sərnişinlər tez-tez sürücülərin kartla ödəniş qəbul etmək istəməməsindən şikayətlənirlər. Bunun səbəbini isə ekspertlər müxtəlif cür izah edirlər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, bir sıra taksi şirkətləri qeyri-nağd ödənişləri sürücülərə vaxtında qaytarmır. Bu isə sürücülərin kartla ödənişlə işləməkdən yayınmasına səbəb olur.

Ekspertin sözlərinə görə, sistem belə işləyir:
Sərnişin şirkətlə əvvəlcədən razılaşaraq ödənişi kartla edir, taksi şirkəti isə həmin məbləği sonradan sürücünün hesabına köçürməlidir. Lakin bəzi şirkətlər bu ödənişləri gecikdirir və sürücülər günlərlə, hətta bəzən həftələrlə gözləməli olurlar.
“Bu səbəbdən sürücülərin kart ödənişini qəbul etmək marağı olmur. Onlar əvvəldən şirkətlə həm nağd, həm də qeyri-nağd daşımalar həyata keçirməyə razılaşsalar da, şirkətlərin məsuliyyətsizliyi problem yaradır”, – deyə Eldəniz Cəfərov bildirib.
Ekspert əlavə edib ki, ödənişlərin gecikdirilməsi sürücülərlə şirkətlər arasında gərginlik yaradır və nəticədə sərnişinlər də bundan ziyan görür.
Aynurə İsmayıl
KONKRET.az
