24 iyul 1959-cu ildə Nikita Xruşşovun məşhur “Sizə Kuzkanın anasını göstərəcəyəm” ifadəsi səslənmişdi. Bu sözləri o, ABŞ-ın gələcək 37-ci prezidenti Riçard Niksonla görüşü zamanı demişdi.
Bu hadisə necə baş vermişdi?
KONKRET.az xəbər verir ki, bu barədə SputnikLive məlumat verir.
Həmin gün Moskvanın Sokolniki parkında SSRİ-də ilk dəfə təşkil olunan “ABŞ sənaye məhsulları” sərgisi açılmışdı. Sərgiyə ABŞ-ın vitse-prezidenti Riçard Nikson da gəlmişdi və o, kapitalist iqtisadiyyatının nailiyyətlərini nümayiş etdirməyə çalışırdı.
Televiziya texnikası pavilyonunda Xruşşov və Nikson arasında kommunizm ilə kapitalizmin üstünlükləri barədə məşhur mübahisə başladı. Sərgidə orta statistik Amerika ailəsinin həyat tərzini göstərmək üçün içəridən kəsik formada hazırlanmış bir kottec nümayiş etdirilirdi. Evdə televizor, paltaryuyan maşın və müasir mətbəx avadanlıqları vardı.
Xruşşovun əsas prinsipi “Amerikanı yaxalamaq və ötüb keçmək” idi. O, belə dedi:
“Biz də boş dayanmırıq.”
Sonra Xruşşov Amerika evinin möhkəm olmadığını və uzunömürlü sayılmadığını qeyd etdi. Ona cavab verdilər ki, amerikalılar üçün bu problem deyil, çünki sonradan kredit götürüb yeni ev tikə bilərlər. Tarixçilərin fikrincə, məhz bu anda Xruşşov əsəbi şəkildə belə demişdi:
“Biz hələ sizə Kuzkanın anasını göstərəcəyik!”
Bu ifadə kinoxronika kadrlarına düşməsə də, amerikalı tərcüməçiləri çaşdırmışdı. Sonralar isə bu söz səhvən Xruşşovun BMT-dəki çıxışı ilə əlaqələndirildi.
Məşhur “mətbəx debatları” zamanı Xruşşov bu gün də aktuallığını qoruyan başqa bir fikir də səsləndirmişdi:
“Biz xaricdə yerləşən bütün hərbi bazaların ləğv edilməsini istəyirik. Bu baş verməyənə qədər biz müxtəlif dillərdə danışacağıq. Xaricdəki bazaların bağlanmasını istəyən sülh tərəfdarıdır. Buna qarşı çıxan isə müharibə tərəfdarıdır.”
Qeyd: Rus dilindəki “Kuzkanın anasını göstərmək” ifadəsi məcazi məna daşıyır və “gücünü göstərmək”, “sərt cavab vermək”, “dərs vermək” mənasında işlədilir. Burada həqiqi bir şəxs nəzərdə tutulmur.
Rəsmiyyə Şərifova,
KONKRET.az

