TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi, eyni və ya oxşar funksiyaları yerinə yetirən qurumlar arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi məsələsini yenidən gündəmə gətirib.
Bəs ölkədə hansı sahələrdə idarəetmənin mərkəzləşdirilməsinə və dövlət qurumlarının birləşdirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, ilk növbədə kənd təsərrüfatı, nəqliyyat və müharibə veteranları ilə əlilliyi olan şəxslərin problemlərinin həlli istiqamətində idarəetmə mexanizmlərinə yenidən baxılmalıdır.

Onun sözlərinə görə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sahəsində mövcud olan ikili idarəetmənin yaratdığı çətinliklərin aradan qaldırılması baxımından müsbət addımdır.
“Cəmiyyətdə buna ehtiyac var idi. İkili struktur yaranmışdı və bu da müəyyən çətinliklərə səbəb olurdu. İnsanlar hansı quruma tabe olduqlarını, problemlə bağlı kimə müraciət etməli olduqlarını bilmirdilər. Bu, qeyri-müəyyənlik yaradırdı. Səhiyyə sahəsində idarəetmənin mərkəzləşdirilməsi vahid qaydaların tətbiqi baxımından vacib idi. Hesab edirəm ki, bu addım səhiyyə üçün müsbət nəticələr verəcək”, – deyə partiya sədri bildirib.
Akif Nağının fikrincə, oxşar yanaşma kənd təsərrüfatı sahəsində də tətbiq oluna bilər. O, hesab edir ki, bu sahədə çoxpilləli idarəetmənin yaratdığı problemlər aradan qaldırılmalı, maliyyələşdirmə və kənd təsərrüfatının inkişafını stimullaşdıran mexanizmlər vahid mərkəzdən əlaqələndirilməlidir.
“Düşünürəm ki, kənd təsərrüfatında müəyyən mərkəzləşmə prosesi getməlidir. İkili, üçlü və hətta dördlü idarəetməyə son qoyulmalıdır. Bu sahədə müxtəlif fondlar mövcuddur. Onlar kənd təsərrüfatının ayrı-ayrı istiqamətlərinin maliyyələşdirilməsi və inkişafının təşviqi ilə məşğul olurlar. Həmin mexanizmlər Kənd Təsərrüfatı Nazirliyi ətrafında birləşdirilərsə, daha səmərəli nəticələr əldə etmək mümkündür. Beləliklə, sahə vahid mərkəzdən idarə olunar”, – deyə o, vurğulayıb.
Partiya sədri ərzaq təhlükəsizliyinin Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkənin taxıla olan tələbatını tam şəkildə yerli istehsal hesabına ödəyə bilməməsi kənd təsərrüfatında əlavə addımların atılmasını zəruri edir. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi və maliyyə resurslarından daha səmərəli istifadə mühüm əhəmiyyət daşıyır.
Akif Nağı nəqliyyat sahəsində də qurumlar arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac olduğunu düşünür. O, xüsusilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə digər nəqliyyat qurumları arasında səlahiyyət və qərarların uzlaşdırılması məsələlərinə diqqət çəkib.
“Əhalinin nəqliyyat sahəsində narazılıqlarını görürəm. AYNA ilə digər nəqliyyat qurumları arasında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Bəzən yanlış qərarlar, avtomobillərin saxlanılması və dayanacaqlarla bağlı problemlər ortaya çıxır. Cərimələrin tətbiqi ilə bağlı da narazılıqlar var. Hesab edirəm ki, bu sahədə idarəetmənin və qərarların qəbulunun daha mərkəzləşdirilmiş şəkildə təşkili, qurumlar arasında koordinasiyanın gücləndirilməsi vacibdir”, – deyə o, qeyd edib.
Partiya sədrinin irəli sürdüyü digər təklif isə müharibə veteranları, qazilər və əlilliyi olan şəxslərlə bağlı məsələlərin vahid qurum tərəfindən əlaqələndirilməsidir. Onun fikrincə, bu kateqoriyadan olan vətəndaşların üzləşdiyi problemlərin ayrı-ayrı strukturlar arasında bölüşdürülməsi müraciət və xidmət prosesini çətinləşdirir.
Akif Nağı ABŞ təcrübəsini nümunə göstərərək bildirib ki, veteranların müalicəsi, sosial təminatı, istirahətinin təşkili və məşğulluğu kimi məsələlərin vahid sistem daxilində həlli daha məqsədəuyğun yanaşma ola bilər.
“ABŞ-da veteranlarla bağlı məsələlər ayrıca departament çərçivəsində kompleks şəkildə həll olunur. Onların müalicəsi, istirahətə göndərilməsi və iş problemlərinin aradan qaldırılması vahid sistem vasitəsilə həyata keçirilir. Mən hesab edirəm ki, Azərbaycanda da müharibə veteranlarının, qazilərin və əlilliyi olan şəxslərin problemlərinin kompleks həlli üçün ayrıca komitənin yaradılmasına ehtiyac var. Müxtəlif məsələlərlə bağlı ayrı-ayrı qurumlara müraciət etmək əvəzinə, onların problemləri vahid mərkəzdə əlaqələndirilə bilər”, – deyə Akif Nağı fikirlərini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
