“Tədbir başa çatır, ölkə haqqında təəssürat qalır” – Qırğızıstandakı möhtəşəm açılışa SÖZARDIbackend

“Tədbir başa çatır, ölkə haqqında təəssürat qalır” – Qırğızıstandakı möhtəşəm açılışa SÖZARDI

“Bu gün həmkarlarımızla birlikdə VI Dünya Köçəri Oyunlarının açılış mərasimini izlədik. Hər birimizin böyük beynəlxalq layihələrdə iş təcrübəsi var. WUF13-ün Bakıda keçirilməsindən isə cəmi üç ay ötüb. Elə buna görə də belə mərasimlərə artıq yalnız tamaşaçı kimi baxa bilmirik. Hər genişmiqyaslı səhnənin arxasında aylarla davam edən hazırlığı, yüzlərlə qərarı və heç bir böyük tədbirin onsuz baş tuta bilməyəcəyi böyük kollektivin – görünməz cəbhənin əsl qəhrəmanlarının – nəhəng əməyini görürük”.

KONKRET.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Vətəndaşlarla iş və strateji kommunikasiyalar şöbəsinin müdir müavini Kamilla Mahmudbəyova sosial şəbəkə hesabında Qırğızıstanda keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, milli ənənələr əsasında səhnə nömrələrinin hazırlanması, yüzlərlə fərqli kostyumun tikilməsi, musiqi harmoniyasının qurulması, kütləvi xoreoqrafik kompozisiyaların səhnələşdirilməsi və iki min artistin hərəkətlərinin sinxronlaşdırılması son dərəcə mürəkkəb işdir:

“Lakin təşkilatçılar bütün bunları həqiqətən möhtəşəm şəkildə həyata keçiriblər. Təxminən 300 atın sinxron hərəkətinə nail olunması isə quruluşun müstəsna səviyyəsinin göstəricisidir.

Şübhəsiz ki, mərasimin ən güclü və epik məqamı “Manas” dastanının motivləri əsasında hazırlanan nömrə oldu. Burada hər bir element – musiqi, vokal ifası, rəqs, aktyor oyunu, işıq, kostyumlar və quruluşun miqyası – vahid və son dərəcə təsirli atmosfer yaradırdı. Sosial şəbəkələrdəki reaksiyalar və çoxsaylı şərhlər də bu nömrənin yalnız bizdə deyil, geniş auditoriyada dərin təəssürat yaratdığını göstərir.

Xüsusilə videodan real səhnəyə keçid böyük ustalıqla qurulmuşdu. Kadrlarda atlar sanki “Manas” dastanının əfsanəvi dünyasından çıxaraq əsrləri aşır, müasir Bişkekdə peyda olur, şəhərin küçələrindən və stadionun dəhlizlərindən keçirdilər. Ardınca ekranda görünənlər real məkanda davam edirdi – canlı atlılar arenaya daxil olurdular. Fikrimcə, bu, indiyədək irimiqyaslı beynəlxalq tədbirlərin açılış mərasimlərində gördüyüm ən uğurlu yaradıcı həllərdən biridir.

Beləliklə, Qırğızıstan milli ənənələrini müasir üslubda və tarixinə böyük hörmətlə təqdim etdi. Əsas nəticə isə çox sadədir: mərasimi izlədikdən sonra bütün komandamızda Bişkekə getmək və ölkəni öz gözlərimizlə görmək istəyi yarandı.

Məhz bu nəticə açılış mərasiminin sadəcə tədbirin rəsmi başlanğıcı deyil, həm də ayrıca kommunikasiya vasitəsi olduğunu göstərir. Tədbirin özünə minlərlə insan gəlsə də, açılış mərasimini dünyanın müxtəlif ölkələrində daha geniş auditoriya izləyir. Deməli, onun təsir dairəsi stadionun hüdudlarından çox-çox kənara çıxaraq ölkə haqqında güclü emosional təəssürat formalaşdırır və ona maraq oyadır.

Əlbəttə, hər açılış mərasiminin öz formatı və bədii dili var. Lakin uğurun əsas göstəricisi dəyişmir: mərasimdən sonra maraq yalnız tədbirə deyil, onun keçirildiyi ölkəyə də yönəlməlidir. Çünki tədbir başa çatır, ölkə haqqında yaratdığı təəssürat isə qalır. Bu da belə layihələrin əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir.

Nəticə etibarilə, belə tədbirlər dövlətin beynəlxalq nüfuzuna yönələn və özünü həqiqətən doğruldan investisiyalardır.

Bravo, Qırğızıstan!”.

K.Mahmudbəyova sonda belə tədbirlərin arxasında böyük bir kollektiv əməyin dayandığını vurğulayıb və may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində birgə çalışdığı həmkarlarına bir daha təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*